Bu gün Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzi və “ASAN Könüllülük Məktəbi”nin birgə təşəbbüsü ilə reallaşdırılan “Rəqəmsal Hökumət” təşviqat proqramının təqdimat mərasimi keçirilib.
ONA-nın xəbərinə görə, tədbirdə bildirilib ki, vətəndaşlar könüllülük fəaliyyəti vasitəsilə rəqəmsal xidmətlər, onların üstünlükləri və istifadə qaydaları haqqında məlumatlandırılacaq.
Proqram haqqında məlumat verən “ASAN School” könüllülük proqramının rəhbəri Cahangir Hacıyev deyib ki, könüllülər həm təcrübə əldə edəcək, həm də əhalini məlumatlandıracaq: “Bununla da elektronlaşmaya yaxın olacağıq. Bu proqram çərçivəsində təlimlərimiz olacaq”.
Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov isə bildirib ki, hazırda Elektron Hökumət tərəfindən 40-dan çox layihə həyata keçirilir: “Könüllülər vasitəsilə sorğular keçirilərək vətəndaşların fikri öyrəniləcək. “ASAN Könüllülük Məktəbi”nin “Master 1” pilləsi çərçivəsində könüllülər Bakı və regionlarda yerləşən “ASAN Xidmət” mərkəzlərindəki xüsusi köşklərdə, universitetlərdə və digər mərkəzlərdə rəqəmsal xidmətlərin təşviqinə dair əhalinin maarifləndirilməsi prosesində bilavasitə iştirak edəcəklər. Həmçinin onlar “ASAN Xidmət” mərkəzlərindəki köşklərdə vətəndaşlara mövcud elektron müraciət prosesi haqqında məlumat verəcək və müraciət üçün köməklik göstərəcəklər”.
F.Cəfərov bildirib ki, əsas hədəflərdən biri könüllülərin fəaliyyəti nəticəsində rəqəmsal xidmətlərdən istifadə və elektron müraciətlərin genişləndirilməsi, Bakı ilə yanaşı, digər regionlarda da vətəndaşların rəqəmsal xidmətlər haqqında məlumatlandırılmalarıdır: “Bu istiqamətdə könüllülərin intellektual potensiallarından istifadə edərək, rəqəmsal xidmətlərin inkişafı prosesinə töhfə vermələri təmin ediləcək. Proqram iştirakçıları mütəmadi olaraq təlim, seminar, o cümlədən tətbiqi layihələrə cəlb olunacaqlar, onların müxtəlif sahələr üzrə ixtisaslaşmasına şərait yaradılacaq. Dövrün müasir tələblərinə uyğun olaraq könüllülər informasiya və kommunikasiya vasitələrindən düzgün istifadəyə cəlb olunacaqlar. Bundan başqa, beynəlxalq təşkilatlarla əməkdaşlıq sahəsində fəaliyyət zamanı könüllülər təcrübə toplamaq imkanı əldə edəcəklər”.