“Rəşadın iki gül balası qaldı. Onlar onun yolunu davam etdirəcəklər”.
APA-nın xəbərinə görə, bunu bu gün dəfn olunan MiQ-29 təyyarəsinin pilotu Rəşad Atakişiyevin həyat yoldaşı Könül Hüseynova bildirib.
Onun sözlərinə görə, Rəşadın məğrurluğu, şücaəti güvən verirdi ki, o, sağ-salamat evə, övladlarının yanına qayıdacaq: “Təəssüf ki, xəyallarımız baş tutmadı".
O bildirib ki, Rəşad mərd, vətənpərvər, gözəl insan idi. "Həyat yoldaşım pak hislərlə yaşayırdı. Balalarım onun adını layiqincə davam etdirəcək və ölkəmizə layiqli, vətənpərvər şəxs kimi yetişəcəklər".
Pilotun həyat yoldaşı axtarış-xilasetmə qruplarının gərgin əməyinin şahidi olduqlarını qeyd edib: "Hava şəraiti onun bu günlərdə tapılmasına imkan verdi. Onlara da təşəkkür edirik".
Qeyd edək ki, iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən HHQ-nın MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. Avqustun 20-də MiQ-29 təyyarəsinin pilotu polkovnik-leytenant Atakişiyev Rəşad Saləddin oğlunun nəşi tapılaraq dənizdən çıxarılıb.
Pilot bu gün II Fəxri Xiyabanda torpağa tapşırılıb.