"Əvvəllər rezidenturaya baza imtahanı mart-aprel aylarında, ixtisas imtahanı isə iyul ayından sonra keçirilirdi. Bu prosesin davanı olaraq bu il DİM tərəfindən təklif verilib ki, baza fənləri üzrə imtahanlar daha tez verilsin".
APA-nın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzində rezidenturaya qəbul qaydalarında edilmiş dəyişikliklərlə bağlı keçirilən mətbuat konfransında DİM-in Yoxlama-ölçmə materiallarının işlənməsi şöbəsinin müdiri Natiq Əliyev bildirib. Onun sözlərinə görə, rezidenturaya qəbul olmaq üçün baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndiriləcək: "İmtahandan “məqbul” alanlar 5 il ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılacaqlar. 4-cü kursda qeyri-məqbul alanlar növbəti kursda yenidən baza imtahanı verə biləcəklər. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına əsas (baza ali) tibb təhsilinin III kursunu tam bitirmiş tələbələr (4-cü, 5-ci, 6-cı kurs tələbələri və əvvəlki illərin məzunları) də buraxılırlar. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” alan tələbələr ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına yalnız rezidenturaya qəbul olunmaq hüququ əldə etdikdən sonra buraxılırlar". N.Əliyev qeyd edib ki, bundan əlavə, ixtisas seçiminə ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından topladığı balı Mərkəz tərəfindən müəyyən edilən müsabiqə şərtlərinə uyğun olan namizədlər buraxılacaqlar: "Müsabiqə namizədlərin ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından topladıqları bal əsasında aparılacaq". Natiq Əliyev bildirib ki, artıq 2020-2021-ci il üçün qəbul qaydalarında dəyişikliklər öz əksini tapacaq.
Qeyd edək ki, Dövlət İmtahan Mərkəzinin təklifinə əsasən, Nazirlər Kabinetinin 20 dekabr 2019-cu il tarixli 488 nömrəli Qərarı ilə rezidenturaya qəbul qaydalarında dəyişiklik edilib.