• SOSİAL

    12:23 16 aprel 2019

Risk qrupunda olan gənclər üçün yeni sosial xidmət infrastrukturu yaradılır

Azərbaycanda risk qrupunda olan gənclər üçün yeni sosial xidmət infrastrukturu yaradılır.

ONA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin imzaladığı fərmanla təsdiqlənən “Gənclər siyasəti haqqında” qanunda dəyişikliklərdə əksini tapıb.

İndiyə qədər qüvvədə olan qanuna əsasən, gənclər arasında vətənpərvərlik işinin gücləndirilməsi, onların ahəngdar inkişafı və asudə vaxtının təşkili, gənclərə psixoloji reabilitasiya, hüquqi və informasiya yardımlarının göstərilməsi məqsədi ilə “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsi yaradılıb. Dəyişikliyə əsasən, “Gənclər evi” sosial xidmət müəssisələrinin funksiyaları genişləndirilir. “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsi gənclərin ahəngdar inkişafı və asudə vaxtının təşkili, gənclərə sosial-psixoloji, hüquqi və informasiya yardımının göstərilməsi məqsədilə yaradılacaq.

Beləliklə, “Gənclər evi” sosial xidmət müəssisələrində risk qrupunda olan gənclərə, ilk növbədə, aşağıdakı xidmətlər göstəriləcək:

- risk qrupunda olan gənclərin hüquqi və sosial-psixoloji yardımla təmin edilməsi;

- risk qrupunda olan gənclərin aktiv məşğulluq tədbirlərinə cəlb olunmasına kömək göstərilməsi;

- risk qrupunda olan gənclər üçün sosial-psixoloji reabilitasiya kursunun təşkil edilməsi;

- cəzaçəkmə müəssisələrindən azad edilmiş sosial adaptasiyaya ehtiyacı olan gənclərin sosial adaptasiya mərkəzlərinə yerləşdirilməsinə kömək göstərilməsi;

- “Könüllü fəaliyyət haqqında” qanuna uyğun olaraq risk qrupunda olan gənclərlə könüllülər arasında qarşılıqlı yardım qruplarının təşkil edilməsi;

- risk qrupunda olan gənclərin sosial müdafiəsi və sosial təminatı ilə bağlı digər tədbirlərin həyata keçirilməsinin təmin edilməsi.

Qanunda risk qrupunda olan gənclərin kateqoriyaları da konkretləşdirilib. Risk qrupunda olan gənclərə cəzaçəkmə müəssisələrindən azad edilən, zorakılığa məruz qalan, insan alverinin qurbanı olan, məcburi əməyə cəlb edilən, dini ekstremist və terror təşkilatları ilə əlaqədə olan, spirtli içkilərdən, narkotik vasitələrdən və psixotrop maddələrdən və onların prekursorlarından sui-istifadə edən, habelə İİV/QİÇS-ə və digər təhlükəli xəstəliklərə yoluxmuş gənclər daxildir.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR