“Atom Elektrik Stansiyaları insanlar üçün həmişə həyati təhlükə mənbəyidir. Xüsusilə də belə obyektlərin seysmik aktiv bölgələrdə yerləşməsi təhlükəni ən yüksək həddə çatdırır”.
APA-nın məlumatına görə, bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Baş direktoru Qurban Yetirmişli deyib. O bildirib ki, Ermənistanda yerləşən “Metsamor” AES-in istismar müddətinin çoxdan başa çatması və hazırda işə yararsız olduğu səbəbindən onun bağlanması tələbi ilə Azərbaycanda və digər qonşu ölkələrdə müzakirələr genişlənir: “Lakin ermənilər “Metsamor”un təmir olunaraq yenidən fəaliyyətinin davam etdirilməsinin mümkünlüyünü əsaslandırmağa çalışırlar. Atom elektrik stansiyasının işlədilməsi hər bir dövlət üçün bahalı işdir. Ona görə də Ermənistanın bu stansiyanı nə dərəcədə təhlükəsiz işlətməyə qadir olması sual altındadır. Yaponiya kimi dövlət sunami nəticəsində “Fukusimo” atom elektrik stansiyasının bir neçə blokunun dağılmasıyla üzləşdi. Ermənistan Yaponiya deyil. Ona görə də Ermənistanda istənilən təbiət hadisəsinin “Metsamor”a necə təsir edəcəyini söyləmək çətindir. Ermənistanla qonşu olan dövlətlərin Beynəlxalq Atom Enerjisi Agentliyindən (BAEA) “Metsamor”un vəziyyəti barədə hesabat tələb etmək haqqı var. Çünki bir hadisə baş versə, nəticəsi bütün bölgəni əhatə edəcək. “Metsamor” AES üçün ən böyük və qarşısı alınmaz təhlükə isə Ermənistan ərazisində baş verməsi ehtimal olunan güclü zəlzələdir”.
Direktorun sözlərinə görə, tədqiqatlar göstərir ki, Ermənistan ərazisi Alp - Himalay qırışıqlıq sisteminin tərkib hissələrindən biri olub, Avrasiya və Ərəbistan tektonik plitələrinin kollizion təmas zonasında yerləşir və kifayət qədər yüksək seysmik aktivliklə səciyyələnir: “Bu ərazidə 139-cu ildən sonra baş vermiş güclü zəlzələlər haqqında məlumatlar ayrı-ayrı seysmoloji kataloqlarda toplanıb. Qeyd olunan zəlzələ məlumatları əsasında Ermənistan ərazisində üç seysmogen zona ayrılır: Gümrü, Ararat və Zəngəzur.
Gümrü seysmogen zonasında 1046-cı ildə (intensivliyi İ0 = 8 bal) və 1132-ci ildə (intensivliyi İ0 = 7 bal) Ani zəlzələləri, 1926-cı ildə (intensivliyi İ0 = 8-9 bal) üç seysmik təkandan ibarət Gümrü, 1935-ci ildə (intensivliyi İ0 = 8 bal) Diqor güclü zəlzələləri baş verib.
Ararat seysmik aktiv zonasında 139-cu il (intensivliyi İ0 = 8 bal) Ararat, 893-cü il (intensivliyi İ0 = 8-9 bal) Dvin, 971-ci il (intensivliyi İ0 = 7-8 bal) Aruç, 1679-cu il (intensivliyi İ0 = 8 bal) Qarni və 1840-cı il (intensivliyi İ0 = 8-9 bal) Ararat güclü zəlzələləri böyük dağıntılara və fəlakətlərə səbəb olub. Zəngəzur seysmik aktiv zonasında 1931-ci il (intensivliyi İ0 = 8-9 bal) və 1968-ci il (intensivliyi İ0 = 7-8 bal) dağıdıcı zəlzələləri məlumdur”.
Q. Yetirmişlinin sözlərinə görə, keçmiş SSRİ-də, o cümlədən Ermənistan SSR-də seysmik rayonlaşdırma xəritələrinin tərtibində determinist və genetik metodlardan istifadə olunurdu, yəni seysmik təhlükənin qiymətləndirilməsi zəlzələ kataloqlarında olan tarixi və instrumental yolla yazılmış zəlzələlərin əsasında aparılırdı: “1980-ci ildə tərtib olunmuş Ermənistan SSR ərazisinin seysmik rayonlaşdırma xəritəsində burada ehtimal olunan güclü zəlzələlərin əmələ gətirəcəyi seysmik təhlükə səviyyəsinə görə iki - 12 ballı MSK-64 şkalası üzrə 7 ballı və 8 ballı zona ayrılıb.
Qeyd edək ki, Ermənistanda fəaliyyət göstərən “Metsamor” AES-in inşasına bu xəritə tərtib olunandan çox öncə - 1973-cü ildə başlanıb və xəritə təsdiq olunandan əvvəl 1979-cu ildə istifadəyə verilib. Bu isə onu göstərir ki, stansiya inşa olunarkən onun seysmik təhlükəyə dayanıqlığı ən yaxşı halda 12 ballı MSK-64 şkalası üzrə 8 bala hesablanıb.
1988-ci ildə Ermənistan SSR-in 1980-ci il seysmik rayonlaşdırma xəritəsində 7 bal seysmik təhlükə ilə səciyyələnən Spitak bölgəsində daha güclü 9-10 bal intensivlikli zəlzələ baş verdi. Spitak zəlzələsi zamanı Yer səthində uzun məsafəyə uzanan, enli qırılma çatları əmələ gəlib, 25000-ə qədər insan həlak olub.
Sonrakı dövrlərdə SSRİ-nin seysmik rayonlaşdırma xəritəsinin bir sıra başqa bölgələrində də Seysmik rayonlaşdırma xəritələrində seysmik təhlükə səviyyələrinin düzgün təyin olunmaması seysmoloq alimləri (o cümlədən Azərbaycan mütəxəssislərini) bu işlərə yenidən baxmağa və xəritələrdə düzəliş etməyə vadar edib.
1992-1997-ci illərdə GSHAP (Global Seysmik Təhlükənin Qiymətləndirilməsi Proqramı) layihəsi çərçivəsində Qafqaz respublikaları, Türkiyə, İran, Rusiya, Türkmənistan əraziləri daxil olmaqla böyük bir ərazinin seysmik təhlükəliliyi yeni metodik yanaşma əsasında araşdırılıb və qiymətləndirilib.
İlk mərhələdə aktiv tektonik qırılmalar (ocaq zonaları) və onları səciyyələndirən seysmiklik müəyyənləşdirilib. Sonrakı mərhələlərdə bu tektonik qırılmaların əmələ gətirdiyi seysmik effekt və onun məsafədən asılı olaraq sönmə xüsusiyyətləri araşdırılıb və ərazinin hər bir yerində mümkün olan seysmik təsirin maksimal səviyyəsi (balla) qiymətləndirilib”.
Onun sözlərinə görə, tərtib olunmuş aktiv tektonik qırılmalar (lineamentlər) xəritəsindən məlum olur ki, Ermənistan ərazisində Yerevan şəhərinin və “Metsamor” AES-in yaxınlığından böyük və aktiv tektonik qırılma zonası keçir. Bu qırılma zonasının seysmik potensialı Rixter şkalası üzrə M=7,5 və ya 12 ballı MSK-64 şkalası üzrə 10 bal qiymətləndirilir. Qeyd edək ki, 1988-ci ildə baş vermiş zəlzələnin ölçüsü Rixter şkalası üzrə M=7,1 və 12 ballı MSK-64 şkalası üzrə 10 bal qiymətləndirilib.
Bu deyilənlər “Metsamor” AES-in seysmiklik səviyyəsi cəhətdən çox təhlükəli ərazidə yerləşməsini və ehtimal olunan təhlükənin qaçılmaz olduğunu göstərir. Bundan əlavə, burada ehtimal olunan 10 ballı zəlzələnin baş verməsi (belə zəlzələni hər an gözləmək olar) nəinki AES-də “Çernobıl”dakı kimi bir blokun güclü partlamasına səbəb ola bilər, hətta zəlzələ zamanı Yer səthinə qədər gəlib çıxan qırılma çatlarının təsirindən “Metsamor” tamamilə dağıla bilər. Bu halda mümkün ola biləcək fəlakətin miqyasını təsəvvür etmək belə çox çətindir.
Qeyd olunanlar “Metsamor” AES-in təcili olaraq, heç bir müzakirəsiz və mübahisəsiz bağlanmasına əsas verir. Düşünürəm ki, bölgədə yerləşən Azərbaycan, Gürcüstan, Türkiyə və digər qonşu dövlətlərin alim və mütəxəssisləri BAEA-nı bu problemə ciddi yanaşmasına sövq etməklə region əhalisini böyük fəlakətdən qurtara bilər”.