2019-2020-ci tədris ilində ümumi təhsil müəssisələrinin tədris digər dildə aparılan bölmələrində I sinfə qəbul zamanı uşaqların şifahi nitq bacarıqlarının qiymətləndirilməsi ilə bağlı təşkil olunmuş müsahibənin nəticəsindən narazı qalan vətəndaşların apelyasiya komissiyasına müraciətlərinin qeydiyyatı bu gün başa çatır.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən ONA-ya verilən məlumata görə, müraciətləri qeydə alınmış vətəndaşlara cavab verilməsi üçün apelyasiya komissiyasının fəaliyyəti mayın 1-dək davam edəcək.
2019-2020-ci tədris ilində BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin I sinfinə elektron şagird qəbulu ilə əlaqədar yaranan digər mübahisəli məsələlərin həlli ilə bağlı vətəndaş müracətlərinin qeydiyyatı isə davam etməkdədir. Apelyasiya komissiyasının yaradılmasının əsas məqsədi vətəndaşların müraciətlərinə obyektiv və hərtərəfli baxılması, işçi qrupun fəaliyyətinin nəticələri ilə bağlı müraciətlərin tənzimlənməsi istiqamətində tədbirlər həyata keçirilməsi, təhsil haqqında qanunvericiliyə və digər normativ aktlara uyğun qərar qəbul olunmasını təmin etməkdən ibarətdir. Komissiya paytaxtdakı 42 nömrəli tam orta məktəbdə (Ünvan: Akademik Mirqasımov küçəsi 6) təşkil edilir. Müraciətlərin qəbulu və baxılması həftənin I, II və IV günləri saat 10:00-dan 17:00-dək həyata keçirilir.
Qeyd edək ki, tədris digər dildə aparılan bölmələrində I sinfə qəbul zamanı uşaqların şifahi nitq bacarıqlarının qiymətləndirilməsi ilə bağlı müsahibə valideyn və ya qanuni nümayəndələrin iştirakı ilə 3 nəfər müəllimdən ibarət komissiya tərəfindən həyata keçirilir. Şəffaflığın və obyektivliyin təmin olunması məqsədilə tədris digər dildə aparılan bölmələrində I sinfə qəbul zamanı uşaqların şifahi nitq bacarıqlarının qiymətləndirilməsi ilə bağlı müsahibə prosesi zamanı videoçəkiliş aparılır. “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Prezidentinin 23 may 2011-ci il tarixli Fərmanının tələblərinin həyata keçirilməsini təmin etmək məqsədilə I sinfə şagird qəbulu elektron sistem vasitəsilə aparılır. Bu, təhsil sahəsində əhaliyə göstərilən elektron xidmətlərin dairəsinin genişləndirilməsi, şəffaflığın təmin edilməsi, şagird kontingentinin uçot sisteminin təkmilləşdirilməsi, valideynlərin əlavə vaxt itkisinin qarşısının alınması və cəmiyyətdə informasiya texnologiyalarından istifadə göstəricilərinin artırılması məqsədlərinə xidmət edir.