• SOSİAL

    09:39 31 may 2019

Rusiya Gömrük Akademiyasına tələbə qəbulu elan edilib

Rusiya Federal Gömrük Xidməti 2019/2020-ci tədris ili üçün Rusiya Gömrük Akademiyasına və onun Sankt-Peterburq və Rostov şəhərlərindəki filiallarına “Gömrük işi” ixtisası üzrə tələbə qəbulu elan edib.

Dövlət İmtahan Mərkəzindən ONA-ya verilən məlumata görə, müsabiqədə iştirak etmək istəyən abituriyentlər 3-4 iyun tarixlərində DİM-də təşkil edilmiş Sənəd Qəbulu Komissiyasında qeydiyyatdan keçməlidirlər.

Azərbaycan Dövlət Gömrük Komitəsi ilə Rusiya Federal Gömrük Xidməti Rusiya Gömrük Akademiyası arasında əməkdaşlıq haqqında sazişə uyğun olaraq, Moskva vilayəti Lüberts şəhərində yerləşən Rusiya Gömrük Akademiyasında 2, onun Sankt-Peterburq və Rostov filiallarının hər birində 1 nəfər olmaqla “Gömrük işi” ixtisası üzrə əyani təhsil alması üçün ümumilikdə 4 nəfər Azərbaycan Respublikası vətəndaşı üçün yer ayrılıb.

Müsabiqədə iştirak etmək hüququna 2019-cu ildə qəbul imtahanını rus dilində verən, iyulun 10-dək 19 yaşı tamam olmayan, buraxılış imtahanında (qəbul imtahanının 1-ci mərhələsində) hər fənn üzrə nisbi balı 50 və daha yuxarı, II və III ixtisas qrupları üzrə qəbul imtahanı verənlərin tarix fənni üzrə nisbi balı 50 və daha yuxarı olan, I və IV ixtisas qrupları üzrə qəbul imtahanı verənlərin attestatında ümumi tarix fənni üzrə yekun illik (cari ilin məzunlarının birinci yarım il üzrə ) qiyməti 5 olan Azərbaycan Respublikasının vətəndaşları malikdirlər.

Ali təhsil müəssisəsi tələbəsi və ya məzunu olan şəxslər bu müsabiqədə iştirak etmək hüququna malik deyillər.

Ərizə qəbulunda iştirak edən 4 nəfərin namizədliyi ödənişsiz təhsil forması üzrə oxumaq üçün qeyd olunan Akademiyaya təqdim olunacaq.

Kəmalə

Teqlər:

SON XƏBƏRLƏR