Azərbaycanın ekoloji sahə üzrə ixtisaslaşmış qeyri-hökumət təşkilatları Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşada etiraz aksiyası keçirir.
ONA-nın xəbərinə görə, aksiya iştirakçıları faydalı qazıntı yataqlarına, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz edir, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyətin həmin yataqlarda monitorinq aparılmasına Rusiya sülhməramlıları tərəfindən şərait yaradılmasını tələb edirlər.
Erməni separatçılarının dekabrın 10-da monitorinqə imkan verməməsinə kəskin etiraz bildirilir, bununla bağlı lazımı tədbir görmədiyinə görə Rusiya sülhməramlılarının komandanı Andrey Volkovla görüş tələb olunur.
Şuşada keçirilən etiraz aksiyasının iştirakçıları çadırlar qururlar.
Rusiya sülhməramlıları Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşada etiraz aksiyasının keçirildiyi əraziyə əlavə canlı qüvvə və texnika cəlb edir.