Akademik Zərifə Əliyevanın dünya oftalmologiya elminə verdiyi töhfələr əvəzsizdir.
Bunu ONA-nın Moskva müxbirinə müsahibəsində Rusiya Tibb Akademiyasının rektoru, Rusiya Elmlər Akademiyasının həqiqi üzvü, Rusiyanın əməkdar elm xadimi, professor Larisa Moşetova bildirib.
O, Zərifə xanım Əliyeva ilə birgə qələmə aldıqları "Terapevtik oftalmologiya" və "Oftalmologiyanın aktual problemləri" elmi əsərlərinin indi də Rusiyada yüksək ixtisaslı oftalmoloqların hazırlanmasında istifadə olunduğunu söyləyib:
"Zərifə Əliyeva ilə Bakıda tanış olmuşam. 60-cı illərdə məni Bakıya Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutuna göndərmişdilər. Zərifə Əliyeva da həmin institutda çalışırdı. Elə o vaxtdan mənim hafizəmdə Zərifə Əliyeva çox ağıllı və müdrik bir qadın kimi qalıb. O, hələ o zamanlar sənayenin inkişafının perspektivlərini hiss etmişdi. Elmi tədqiqat üçün elə bir mövzu seçmişdi ki, heç kəs hələ bu mövzuda fikirləşməmişdi. Neft və kimya sənayesində çalışan insanlarda göz xəstəliklərinin əmələ gəlməsi mövzusunu seçmişdi. O vaxt heç kəsin ağlına bu gəlmirdi. Bu gün neft dünyaya hökm edir və bu sənayedə çalışan insanların sayı çoxdur. Sənaye oftalmologiyası onun elmi işinin mövzusu idi. Əminliklə deyə bilərəm ki, Zərifə Əliyevanın bu mövzuda apardığı elmi araşdırma ən güclüsüdür. Bu gün həkimlər daha çox katarakta və digər göz xəstəlikləri ilə bağlı araşdırma aparırlar, sənaye oftalmologiyası ilə, hansı ki, elmi istiqamət kimi bu gün inkişaf gedir, Zərifə Əliyeva bunu hələ uzun illər bundan öncə görmüşdü. Onun doktorluq dissertasiyası məhz bu mövzuya həsr olunub. Açığı bu çox təəccüblü idi".
Zərifə Əliyeva mükəmməl pedoqoq idi
Larisa Moşetova Zərifə Əliyevanın mükəmməl pedaqoq olduğunu söyləyib:
"İnsanları, çalışdığı kollektivi öz ətrafına toplaya bilmişdi. Ona görə yox ki, o, kafedranın rəhbəri və Azərbaycanın rəhbərinin həyat yoldaşı idi. Öz işinə, kollektivə, hər kəsə böyük sevgi ilə yanaşırdı. Onun oxuduğu mühazirələri bu gün də xatırlayıram. Xatirimdədir ki, Zərifə Əliyeva Moskvaya Oftalmoloqlar Cəmiyyətinin iclasında çıxış etmək üçün gəlmişdi. Mən o zaman cavan pedaqoq idim. Onun nitqinə heyran qalmışdım. Zərifə Əliyeva gənclərin professional tərbiyəsi ilə bağlı mühazirə oxuyurdu. Bu gün, artıq üzərindən uzun illər keçəndən sonra anlayıram ki, o, çox şeyi qabaqcadan görürdü. Könüllülük, peşə tərbiyəsi və həkimliyə hazırlığın məktəb partası arxasından başlanması kimi məsələləri, hansı ki, prezident Vladimir Putin tərəfindən bu gün biz pedaqoqların əsas vəzifəsi kimi qarşımıza qoyulub, bunu hələ o zaman Zərifə Əliyeva demişdi. O, hər zaman deyirdi ki, həkim təkcə savadlı deyil, həm də öz peşəsini sevməli, öz dövlətinə, xalqına sadiq olmalıdır. Ancaq xalqını, dövlətini sevən insan ölkəsinin təhlükəsizliyini təmin edən peşənin sahibi ola bilər. Çünki millətin sağlamlığı onun təhlükəsizliyini təyin edir. Zərifə Əliyeva gələcəyi görürdü. O, vətənpərvər idi, öz xalqını çox sevirdi. Bir ana, həyat yoldaşı kimi, bir sözlə qadın kimi hamımız üçün örnək idi".
Zərifə Əliyevanın əsasını qoyduğu məktəb bu gün də davam edir
Rusiyalı akademik Zərifə Əliyevanın adını daşıyan Göz Xəstəlikləri İnstitutunun onun yaratdığı əsərlədən biri olduğunu qeyd edib:
"Canlı abidə olan institutdan postsovet məkanında heç bir yerdə yoxdur. Mən dəfələrlə həmin institutda dissertasiyaların müdafiəsində olmuşam. Bu, nəhəng institutdur. Məhz Zərifə Əliyevanın sayəsində bu elm-səhiyyə ocağı yaranıb. Əminliklə deyə bilərəm ki, Zərifə Əliyevanın əsasını qoyduğu məktəb bu gün də davam edir".
Larisa Moşetova Zərifə Əliyevanı yaxından tanıdığına görə taleyindən çox razı olduğunu söyləyib:
"Mən taleyimdən çox razıyam ki, məni Zərifə Əliyeva kimi böyük şəxsiyyətlə qarşılaşdırıb. Onu tanımışam. Mənim həyat yolumda rastlaşdığım bu insan həm analar üçün, həm dövlət rəhbərinin həyat yoldaşı, həm də respublika rəhbərinin qızı kimi bir örnəkdir. Zərifə Əliyeva çox ciddi qadın idi. Ciddi olmaqla bərabər olduqca mehriban idi. Bilirsiz, vaxt keçdikcə çox şeylər hafizədən silinir. Lakin Zərifə Əliyeva kimi şəxsiyyətlər heç vaxt yaddaşlardan silinmir, əksinə daha da möhkəmlənir".
Zərifə Əliyeva bir ana, həyat yoldaşı kimi, bir sözlə qadın kimi hamımız üçün örnək idi
Rusiya Tibb Akademiyasının rektoru Zərifə Əliyeva ilə birgə müəllifi olduğu iki monoqrafiyanın yaranması ilə bağlı xatirəsini də bölüşüb:
"Bu monoqrafiyaların yaranması Heydər Əliyevin ideyası idi. Biz əslində oxuduğumuz mühazirələri metodoloji material kimi çap olunmasını planlaşdırırdıq, Heydər Əliyev baxıb bizə dedi ki, nəsə düzgün etmirsiz. Bu mühazirələri elmi monoqrafiya kimi nəşr etmək olar. Biz də onun ideyası ilə birlikdə monoqrafiya yazmaq qərarına gəldik. Bu əsər ispan dilinə tərcümə olunub. Dünyada bu monoqrafiyanın tayı-bərabəri yoxdur. Planımda var ki, bu əsəri yenidən çap etdirim. Həyat elə gətirdi ki, Zərifə Əliyevanın ailəsində də oftalmoloq yetişdi. Bu onun gəlini, hazırda Azərbaycanın birinci xanımı, möhtəşəm gözəlliyə malik Mehriban Əliyeva idi. Sanki həyat bütün gözəl və müdrik insanları bir ailəyə toplamışdı".