20 Yanvar faciəsinin 31-ci ildönümü münasibətilə bu gün saat 12:00-da Azərbaycanın bütün ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
APA-nın məlumatına görə, gəmilər, avtomobillər, qatarlar bununla əlaqədar səs siqnalları verib.
Qeyd edək ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu Bakı şəhərinə daxil olaraq, dinc əhalini vəhşicəsinə gülləbaran edib. Hadisə nəticəsində 131 nəfər şəhid olub, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz olaraq həbs edilib.
***
11.03
Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi vətəndaşlara müraciət edib.
ONA-nın məlumatına görə, DYP-nin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, bu gün 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar vətəndaşların Şəhidlər xiyabanını ziyarəti ilə bağlı Parlament prospektindən Şəhidlər xiyabanı istiqamətində avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub: "Sürücülərdən xahiş olunur ki, həmin istiqamətdə şəxsi avtomobillərdən istifadə etməsinlər. Məqsəd ziyarətçilərin təhlükəsiz hərəkətini təmin etməkdir. Həmçinin, bu gün saat 12:00-da sükut olacaq, yollarda bütün avtomobillər 1 dəqiqəlik dayanacaq".