Sabah Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq, şimal-şərq küləyi günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ONA-ya verilən məlumata görə, havanın temperaturu gecə 21-25° isti, gündüz 30-35° isti, Bakıda gecə 23-25° isti, gündüz 33-35° isti təşkil edəcək.
Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 50-60 %, gündüz 35-40 % olacaq.
Abşeron çimərliklərində gözlənilən hava şəraitinə gəlincə, şimal-şərq küləyi günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 23-24° isti, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 24-25° isti təşkil edəcək.
İyulun 22-də Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 21-26° isti, gündüz 34-39°, bəzi yerlərdə 41° isti, dağlarda gecə 15-20° isti, gündüz 24-29° isti təşkil edəcək.