Oktyabrın 31-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir, gecə və səhər yarımadanın bəzi yerlərində intensivləşəcəyi ehtimalı var. Gün ərzində şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, havanın temperaturu Abşeron yarımadasında gecə 11-14, gündüz 15-18, Bakıda gecə 12-14, gündüz 16-18 dərəcə isti təşkil edəcək.
Atmosfer təzyiqi 761 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz olacaq.
Azərbaycanın rayonlarında gün ərzində bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi şimal və şərq rayonlarında yağışın intensivləşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 10-14, gündüz 17-22, dağlarda gecə 3-7, gündüz 8-11 dərəcə isti təşkil edəcək.
Tibbi-meteoroloji proqnoz:
Oktyabrın 31-də Abşeron yarımadasında hava şəraitinin dəyişəcəyi, küləkli və yağışlı olacağı, temperaturun bir qədər aşağı enəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.