2017-ci ildə Prezident İlham Əliyevin iştirakı ilə açılışı olan Sabirabad Mərkəzi Rayon Xəstəxanasına KİV nümayəndələri üçün infotur təşkil olunub.
ONA-nın Mil-Muğan bürosunun məlumatına görə, infoturda media nümayəndələrinə bildirilib ki, müasir tipli, ən yeni texnologiya standartlarına cavab verən maddi-texniki təchizatı olan xəstəxanaya müraciət edənlərin sayı əvvəlki illərlə müqayisədə iki dəfədən çox artıb. Bir-biri ilə mobil əlaqəsi olan 3 korpusdan ibarət, 205 yerlik xəstəxana ən müasir rəqəmsal kompüter tomoqrafiya və flüroqrafiya cihazları, EXO kardioqrafiya və digər rəqəmsal tibbi avadanlıqlarla təchiz olunub.
Xəstəxana terapiya, nevrologiya, infeksion, pediatriya, oftalmologiya, otorinolorinqologiya şöbələri və perinatal mərkəzdən ibarətdir.
Xəstəxanada həmçinin dializ xəstələri üçün 8 nəfərlik şöbə, 8 nəfərlik reanimasiya palatası, cərrahiyə blokları, müasir laboratoriya və onlarla müasir müayinə otaqları fəaliyyət göstərir.
Perinatal mərkəzdə ötən il ərzində 2 min doğuş həyata keçirilib. 800-dən çox qeysəriyyə əməliyyatı aparılıb. Ümumi cərrahiyyə əməliyyatlarının sayı 3 mindən çox olub. O cümlədən oftalmoloji əməliyyatlar və digər ixtisaslı cərrahiyyə əməliyyatları həyata keçirilib.
2019-cu ildə xəstəxanada bu günə qədər 50 mindən çox rayon sakini pulsuz tibbi müayinədən keçirilib. Ötən il xəstəxanada 112 mindən artıq vətəndaş müayinəyə cəlb olunub. 2884 xəstədə xəstəlik aşkar edilərək, ilkin müalicəyə cəlb olunub, 416 xəstə stasionara qəbul edilib, 224 xəstə isə ixtisaslaşmış müayinə və müalicə üçün Bakıdakı klinikalar göndərilib.
Xəstəxanada ilk dəfə olaraq Azərbaycan kardioloqlar cəmiyyətinin geniş konfransı, respublikanın baş mütəxəssislərinin, mama-ginekoloq və neonatoloqların iştirakı ilə regional seminarlar keçirilib.