“2003-cü ildən indiyə qədər əməkhaqları 7 dəfə, pensiyalar 9 dəfə artırılıb”.
ONA-nın məlumatına görə, bunu bu gün əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə “Heydər Əliyev və sosial siyasət” mövzusunda keçirilən tədbirdə bildirib.
S.Babayev deyib ki, Prezidentin son fərmanları ilə 600 minə qədər insanın əməkhaqqı 40 faizdən çox artıb: “Bunun maliyyə tutumu 400 milyon manatdan artıqdır. Minimum pensiya artımlardan sonra yaşayış minimumunu üstələyib. Azərbaycanda minimum pensiya MDB məkanında alıcılıq qabiliyyəti üzrə Qazaxıstanla 1-2-ci yeri bölüşür”.
Əmək və əhalinin sosial müdafiəsi naziri qeyd edib ki, ilk növbədə sosial cəhətdən həssas insanlara dəstək artırılır: “Tələbələrin də təqaüdləri artırılıb. Ümumilikdə, Prezidentin son fərman və sərəncamları ilə 3 milyon insanımızı əhatə edən sosial paketin icrasına başlanıb”.