Əlillik ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən baş verdikdə I qrup üzrə sosial müavinət 83 faiz artırılaraq 82 manatdan 150 manata qaldırılıb.
ONA-nın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin imzaladığı “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” Sərəncamla bağlı keçirdiyi mətbuat konfransında deyib.
Nazir qeyd edib ki, eyni kateqoriyadan olan vətəndaşlara verilən Prezident təqaüdü də 73 manatdan 100 manata qaldırılır. Cəmi I qrup əlilliyi olan şəxslər ayda 155 manat alırdısa, aprelin 1-dən 300 manat alacaqlar. Bu kateqoriyada II qrup şəxslər üçün müvafiq olaraq, bu məbləğ 113 faiz artırılmaqla 61 manatdan 130 manata, III qrup üçün 112 faiz artırılmaqla 52 manatdan 110 manata çatdırılır.
“Müharibə əlillərinə gəlincə, I qrup müharibə əlillərində sosial müavinət 150 manat təsbit olunur, onların Prezident təqaüdü artırılaraq 250 manata çatdırılır. Ümumilikdə, bu qrup əlillər və onlara bərabər tutulan şəxslər ayda 400 manat vəsait alacaqlar. II qrup müharibə əlilləri təqaüd və müavinət birlikdə götürüldükdə 360 manat, III qrup müharibə əlilləri isə 320 manat alacaqlar. Əlavə olaraq, bütün I qrup əlillərə qulluq edən şəxslərin hər birinə 50 manat əlavə Prezident təqaüdü təyin edilir. I qrup müharibə əlilləri ayda ümumilikdə 450 manat, digər əlillər isə 350 manat alacaqlar”, - deyə nazir bildirib.