“Dəniz qırağında yaşayıb, dənizə getmək imkanı olmayanda insanlar təbii ki, narazılığını bildirirlər”.
APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.
Azərbaycan Prezidentinin köməkçisi deyib ki, hazırda ölkə çimərliklərin açılmasına hazır deyil: "Böyük kütlə bir yerə gəldikdə, yoluxma riski artır”.
Ş. Mövsümov qeyd edib ki, insanların çimərlikdə məsafəni saxlaması çətindir: “İkincisi, insanlar çimərlikdə bir yerdən yemək, su alırlar və bu da risk yaradır. Üçüncüsü, çimərliyə bir rayonda yaşayanlar deyil, Bakının digər rayonlarında yaşayanlar da gəlir. Bu da yoluxmanı artırır. Amma biz bunu təşkil olunmuş bir qaydada edə bilsək, vətəndaşlara bir hədiyyə ola bilər. Avqustun 5-nə qədər çimərlikləri aça bilməyəcəyik. Avqustun 5-dən sonra təhlükəsizlik tədbirlərini həyata keçirmək olarsa, bunu edəcəyik”.