“Pandemiya ilə əlaqədar ilk gündən Prezident İlham Əliyevin rəhbərliyi altında iqtisadi çətinliklərin qarşısının alınması üçün müvafiq göstərişlər verildi”.
APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov bildirib.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi deyib ki, Prezidentin tapşırığı ilə Nazirlər Kabineti tərəfindən hazırlanan Tədbirlər Planının həyata keçirilməsi bu gün davam edir: “Sərt karantinin ikinci həftəsi tamamlanır, ancaq yoluxmanın səviyyəsi hələ də yüksək səviyyədə qalır. Biz bir çox hallarda karantin rejiminin nə dərəcədə sərt olmasının onun həyata keçirilməsindən asılı olduğunu, qaydalara əməl eolunmasa, sərt karantin rejiminin nəticəsinin olmayacağını bildirmişik. Mən burada tərəfləri bölmək istəmirəm, cəmiyyət olaraq bu problemlə üzləşmişik. Azərbaycanın bu problemə qalib gəlməsi üçün cəmiyyətin səfərbər olması vacibdir. Vacib odur ki, mən nə etmişəm. Çünki bu, ümumxalq problemidir və gərək hamımız səfərbər olaq. Elə bilin ki, müharibədə, ön cəbhədəyik, digər tərəfdə isə koronavirusdur. Sadəcə, maska taxmaqla, sosial məsafəni qorumaqla, əllərimizi iez-tez yumaqla biz nəticəyə nail ola bilərik”.