Bakıda əvvəllər malakanların ibadət evi olmuş, hazırda “Salaam Cinema"nın yerləşdiyi bina ilə bağlı qalmaqal davam edir.
ONA-nın hadisə yerində olan əməkdaşının məlumatına görə, bu gün Nəsimi rayonu, Süleyman Rüstəm 10 ünvanında yerləşən "Salaam Cinema"nın əməkdaşları binanın qarşısında oturaq aksiya keçiriblər.
"Salaam Cinema"nın əməkdaşı Leyli Qafarova bildirib ki, binada tədbir keçirildiyi zaman elektrik enerjisi kəsilib. Bu səbəbdən tədbir yarımçıq qalıb. Leyli Qafarova deyib ki, onlar binanın sahibinin şifahi razılığı ilə maklerlə müqavilə bağlayıblar: "Biz bura köçəndə binanın birinci mərtəbəsinin döşəməsi yox idi, biz döşəməni də təmir etmişik. İndi deyirlər ki, bina təhlükəlidir".
Leyli Qafarova qeyd edib ki, binanın tarixi abidələrin siyahıya alınması üçün artıq əlaqədar təşkilatlara müraciət ünvanlayıblar: "Biz binadan çıxmağa hazırıq, amma əmin olaq ki, sökülməyəcək, tarixi abidə kimi qorunacaq, yalnız bundan sonra çıxmağa hazırıq”.
Özünü binanın sahibinin səlahiyyətli nümayəndəsi kimi təqdim edən Bəhruz Əhmədov ONA-ya deyib ki, bina icarəyə verilməyib, orada qanunsuz məskunlaşma olub: "Onların binadan çıxmasını tələb etmək üçün gəlmişik. Bunların bizimlə heç bir müqavilələri yoxdur. Boşluqdan istifadə edib, xəbərsiz binanı tutublar. Bina və onun yerləşdiyi torpaq özəl mülkdür. 2008-ci ilin dekabr ayında bizə satılıb. Biz də mülkümüzdən istifadə etmək istəyirik, lakin istifadəyə məhdudiyyət yaradırlar. Dediklərinə görə, yaxınlıqdakı ərazidə yerləşən maklerlərin biri ilə müqavilə bağlayıblar, müqaviləni tələb etsək də, göstərmirlər".
Nəsimi Rayon Mənzil Kommunal Birliyinin mühəndisi Nəsimi Malilov isə bildirib ki, bina qəzalı vəziyyətdədir: "Binada olanlar çıxarılıb, qapısına möhür vurulmalıdır. Əlaqədar təşkilatlar müəyyənləşdirsə ki, bina tarixi əhəmiyyətlidir, o zaman saxlanılacaq. Hazırda isə bina boşaldılmalıdır".
O əlavə edib ki, bina köhnədir, təhlükəli vəziyyətdədir, onun üçün boşaldılmalıdır: "Bina şəxsi mülkdür, bütün sənədləri qaydasındadır".
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynov Malakanların ibadət evinin nəzarətə götürüldüyünü bildirib: "Malakanların ibadət evi tarixi abidə kimi dövlət qeydiyyatında deyil. Abidənin tarixi, memarlıq üslubu nəzərə alınaraq, məsələ Dövlət Xidməti tərəfindən nəzarətə götürülüb".
Onun sözlərinə görə, bina ilə bağlı araşdırma aparılır: "Hazırda orada hansısa söküntü işi görülmür. Bina tarixi abidələr siyahısına salınsa, dövlət tərəfindən qorunacaq. Siyahıya salındığı təqdirdə, bina özəl mülkiyyətdə olsa belə, orada söküntü işləri aparmaq mümkün olmayacaq. Ümumiyyətlə, Xidmətin siyahısında olan abidənin tarixi görkəminə hər hansı şəkildə xələl gətirilməsi qanunla qadağandır".
Qeyd edək ki, son günlər sosial şəbəkədə əvvəllər malakanların ibadət evi olmuş, hazırda isə "Salaam Cinema"nın yerləşdiyi binanın sökülməsi ilə bağlı söhbətlər yayılıb.