• SOSİAL

    16:41 5 sentyabr 2019

Şamaxı, Ağsu və İsmayıllıda zəlzələdən zərər çəkmiş evlərin tikintisi və bərpası davam edir

Bu ilin fevralında Şamaxı, Ağsu və İsmayıllı rayonlarında baş verən zəlzələnin törətdiyi fəsadların aradan qaldırılması ilə bağlı işlər yekunlaşmaq üzrədir.

APA-nın Şamaxıya ezam olunmuş müxbiri xəbər verir ki, zəlzələ nəticəsində evlərinə ziyan dəymiş sakinlər üçün şəhərin 20 Yanvar küçəsində 44 mənzilli 4 mərtəbəli və 20 mənzilli 5 mərtəbəli binalar inşa olunur. Həmin binaların oktyabrın ortalarında təhvil veriləcəyi gözlənilir. Bundan əlavə, Aşıq Məmmədağa küçəsində 110 mənzilli binanın tikintisi davam edir. Binanın oktyabrın sonuna qədər təhvil veriləcəyi gözlənilir.

Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi Həsən Qasımzadə jurnalistlərə açıqlamasında bildirib ki, ümumilikdə Şamaxı, İsmayıllı və Ağsuda zəlzələdən zərər çəkmiş 2200-dən çox ev bərpa olunur: "Fövqəladə Hallar Nazirliyinin mütəxəssislərindən ibarət 36 qrup regionda evlərə baxış keçirib. Həmin evlərin qəzalı və ya təmirə ehtiyacı olduğu müəyyənləşdirilib. Bu günədək Komissiyalara vətəndaşlardan 10649 müraciət daxil olub, müraciətlərdən 10608-nə baxılıb. Yaşayış olmayan evlərlə bağlı müraciətlərə isə baxılmayıb. Qəzalı vəziyyətdə olan fərdi yaşayış evlərinin yenidən tikilməsi üçün bizim layihə institutlarında smetalar hazırlanıb, bu gün də bu istiqamətdə işlər davam edir. Komissiyanın rəyinə uyğun olaraq, regionda 547 fərdi yaşayış evi qəzalı kimi tanınıb və tikintisinə başlanılıb. 251 fərdi yaşayış evinin tikintisi başa çatıb, digərlərinin tikintisi isə davam edir. Bununla paralel bərpaya ehtiyacı olan evlərin bərpası ilə bağlı Komissiyaların rəyi təsdiq olunub. Ümumilikdə, 2192 fərdi evin bərpaya ehtiyacı olduğu müəyyən edilib. Bu günə kimi 1339 fərdi evdə bərpa işlərinə başlanılıb. 449 fərdi evdə bərpa işləri yekunlaşıb, digərlərində isə işlər davam edir. Tikinti işləri Prezident İlham Əliyevin Sərəncamı əsasında və Heydər Əliyev Fondunun Regionların İnkişafı İctimai Birliyinin dəstəyi ilə aparılır. Hər 3 rayonda tikilən və bərpa edilən evlərin keyfiyyətinə texniki qruplar tərəfindən nəzarət edilir. Bu günə kimi təhvil verilən evlərin keyfiyyəti ilə bağlı vətəndaşlardan heç bir şikayət daxil olmayıb".

Media nümayəndələri daha sonra yenidən tikilən fərdi evlərdə yaradılan şəraitlə tanış olublar. Sakinlər yaradılan şəraitə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkür ediblər.

Qeyd edək ki, Ağsuda 249 fərdi ev tikilir, onun 109-u təhvil verilib. İsmayıllıda isə 95 fərdi ev tikilir, onun 52-si təhvil verilib.

Bundan əlavə, Ağsuda 488 ev bərpa olunur ki, onlardan da 162 təhvil verilib. İsmayıllıda isə 337 bərpa olunur ki, onlardan 110-u təhvil verilib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR