1941-1945-ci illər faşizm üzərində qələbənin ildönümü ilə əlaqədar Səbail rayonu, Bayıl yaşayış sahəsi ərazisində yerləşən Sovet İttifaqı Qəhrəmanı Qafur Məmmədovun adını daşıyan parkda tədbir keçirilib.
ONA-nın xəbərinə görə, tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, bir qrup veteran, Hərbi Dəniz Qüvvələrinin zabit və matrosları, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak ediblər.
Vuqar Zeynalov faşizm üzərində qələbənin 74-cü ildönümü münasibətilə veteranları və tədbir iştirakçılarını təbrik edərək, bildirib ki, Böyük Vətən müharibəsinin iştirakçıları, həmin illərdə arxa cəbhədə çalışanlar arasında sağ qalanlar, o günlərin canlı şahidləri bu gün hər birimiz üçün əzizdir.
RİH başçısı Heydər Əliyevin Böyük Vətən Müharibəsi veteranlarına diqqət və qayğısından danışıb, Prezidenti İlham Əliyevin hər il müvafiq sərəncamlarla veteranların sosial vəziyyətinin yaxşılaşdırılmasını təmin etdiyini vurğulayıb.
Veteranlar xatirələrini danışıblar, onlara göstərilin diqqət və qayğıya görə Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.