• SOSİAL

    17:47 24 dekabr 2019

Şəhid ailələri, Qarabağ müharibəsi əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimi keçirilib

Dekabrın 24-də Bakının Nizami rayonunda şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün inşa olunan yaşayış binasında mənzillərin, həmçinin Qarabağ müharibəsi əlillərinə və onlara bərabər tutulan şəxslərə avtomobillərin təqdim olunması mərasimi keçirilib.

APA xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev dövlətimizin başçısına yaşayış binasında yaradılan şərait barədə məlumat verib.

Dövlətimiz hər bir Azərbaycan vətəndaşının sosial məsələlərinin həllinə xüsusi diqqətlə yanaşır, bu baxımdan çox mühüm layihələr həyata keçirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə icra olunan işlərin nəticəsini sosial cəhətdən xüsusi qayğıya ehtiyacı olanlar da öz həyatlarında hiss edirlər. Şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və onlara bərabər tutulan şəxslərin mənzil-məişət məsələlərinin həlli daim diqqət mərkəzindədir. Bu kateqoriyadan olan insanların həyat şəraitinin yaxşılaşdırılması, onların avtomobillə təmin olunması üçün ardıcıl tədbirlər görülür. 1997-ci ildən 2018-ci ilədək Qarabağ müharibəsi əlillərinə 4597, şəhid ailələrinə 1582, İkinci Dünya müharibəsi, Çernobıl və müharibə əlillərinə bərabər tutulan digər vətəndaşlara isə 475 mənzil və fərdi ev verilib. Qarabağ müharibəsi əlilləri və onlara bərabər tutulan şəxslər 1998-2018-ci illər ərzində 6155 avtomobillə təmin edilib. Bu il isə daha 600 avtomobilin təqdim olunması nəzərdə tutulur. Yeni inşa olunan binada ümumilikdə, bir, iki və üçotaqlı 96 mənzil var ki, onlardan da 62-si Qarabağ müharibəsi əlilinə, 34-ü isə şəhid ailələrinə təqdim olunur. Bu qəbildən olan vətəndaşlara ilin əvvəlindən bəri 700 mənzil və fərdi ev verilib. İlin sonunadək isə 234 mənzil və fərdi evin təqdim olunması planlaşdırılır. Gələn il də bu istiqamətdə layihələr davam edəcək.

Dövlətimizin başçısı mənzil və avtomobillə təmin olunan şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin bir qrupu ilə görüşüb.

Prezident İlham Əliyev deyib:

- Bu gün sizin həyatınızda çox əlamətdar bir gündür. Bu gün şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə yeni mənzillər verilir. Eyni zamanda, minik maşınları da verilir. Bu münasibətlə sizi təbrik etmək istəyirəm. Bu gözəl binada yaşamaq çox rahat olacaq. Bina ilə tanış oldum. Mənzillərin hər biri yaraşıqlı, işıqlı, gözəl və təmirlidir. Belə də olmalıdır. Siz buna layiqsiniz. Mən dəfələrlə demişəm ki, Vətən uğrunda şəhid olmuş insanların xatirəsi bizim üçün həmişə əzizdir. Azərbaycan xalqı şəhidlərimizin xatirəsini həmişə öz qəlbində yaşadır. Müharibədə vuruşmuş və əlil olmuş vətəndaşlar üçün şəraitin yaradılması bizim mənəvi borcumuzdur.

Son illər ərzində şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə 7500-dən çox mənzil və fərdi ev, 7 minə yaxın minik avtomaşını verilib. Bu, deyə bilərəm ki, çox nadir hallarda dünya miqyasında baş verir. Hesab edirəm ki, Azərbaycan bu sahədə ən düzgün siyasət aparır. Çünki bu siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Xüsusilə o vətəndaşlar ki, öz həyatını Vətən uğrunda qurban vermişdir və sağlamlığını itirmişdir. Bundan sonra da bu siyasət davam etdiriləcək. Gələn il ən azı 1500 mənzil və fərdi evin verilməsi nəzərdə tutulur, yəni, bu ildən fərqli olaraq iki dəfə çox. Baxmayaraq ki, bu ilin əvvəlində 800-ə yaxın mənzilin verilməsi nəzərdə tutulurdu. Ancaq əlavə vəsaitin ayrılması nəticəsində bu mənzillərin və evlərin sayı 900-ə çatıbdır, o cümlədən yüzlərlə minik avtomobili də verilib. Belə gözəl binada yaşamaq əlbəttə ki, çox xoş olacaq. Bir daha demək istəyirəm ki, siz buna layiqsiniz.

Azərbaycan dövləti sosial təminat sahəsində çox genişmiqyaslı və düzgün siyasət aparır. İlk növbədə, şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və veteranları dövlət tərəfindən qayğı ilə, diqqətlə əhatə olunurlar. Eyni zamanda, işğaldan əziyyət çəkən soydaşlarımız, məcburi köçkünlər üçün bu il 5 min mənzil və fərdi ev təqdim olunub. Beləliklə, bu kateqoriyadan olan vətəndaşlara bu il təqribən 6 minə yaxın ev və mənzil verilib. Bu, o deməkdir ki, biz bir şəhər boyda evlər tikmişik və layiq olan vətəndaşlara təqdim etmişik. Mən ikinci ölkə tanımıram ki, bu sahəyə bu qədər diqqət ayrılsın. Bu, bir daha göstərir ki, bizim bu sahədəki siyasətimiz həm düzgündür, həm ədalətlidir. Bu siyasət davam etdiriləcək. Çünki hələ də növbədə dayanan vətəndaşlar var. Şəhid ailələri arasında təqribən 2 mindən çox vətəndaş növbədə dayanır. Onların da problemləri yaxın 2-3 ildə həllini tapacaqdır.

İndi bizim iqtisadi imkanlarımız da yaxşılaşır. Düzgün iqtisadi siyasət aparmaqla biz əlavə gəlirlər əldə etdik. Bu gəlirləri, ilk növbədə, sosial problemlərin həllinə yönəltdik. Bu il 4 milyon 200 mindən çox Azərbaycan vətəndaşı - əhalinin təxminən 40 faizdən çoxu böyük sosial paketlə əhatə olunub. Maaşlar, pensiyalar, müavinətlər, tələbə təqaüdləri, problemli kreditlərin həll edilməsi - bütün bunlar böyük vəsait tələb edir. Biz bu işlərə milyardlarla manat vəsait yönəltmişik və çox düzgün addım atmışıq. Çünki bu, lazım idi. Sosial təminat bizim üçün ən başlıca vəzifədir. Buna nail olmaq üçün bizim iqtisadi imkanlarımız olmalıdır. Ona görə iqtisadi inkişaf nə qədər yüksək templərlə artsa, sosial təminat da bir o qədər yaxşılaşacaq, maaşlar, pensiyalar artacaq. Ona görə bu gün ölkəmizdə aparılan islahatlar bu məqsədi güdür. İlk növbədə, sosial sahədə daha böyük nailiyyətlərə nail olmaq üçün biz iqtisadi sahədə düzgün prinsiplər əsasında işimizi qurmalıyıq. Şəffaflıq, dürüstlük, korrupsiya və rüşvətxorluqla mübarizə, iqtisadi islahatlar, struktur islahatları - bütün bunlar ölkəmizə böyük canlanma gətirir.

Builki iqtisadi göstəricilərimiz çox müsbətdir. Əldə edilmiş bütün əlavə gəlirləri biz sosial sahəyə yönəltdik. Bugünkü bu gözəl, 96 mənzildən ibarət binanın açılışı bunun bariz nümunəsidir.

Mən bu gözəl hadisə münasibətilə sizi təbrik edirəm, sizə Yeni ildə yeni uğurlar, cansağlığı, xoşbəxtlik arzulayıram.

Sonra mənzillərin sənədlərinin təqdim edilməsi mərasimi olub.

Yeni binada mənzil alan İlham Məhərrəmov deyib: Cənab Prezident, məni xatırlayırsınız?

Prezident İlham Əliyev: Bəli, Avropa Oyunlarında.

İlham Məhərrəmov: Siz orada görüş zamanı mənə dediniz ki, çox gözəl işlər görürsünüz. O söz mənə stimul verdi. Leyla xanım Əliyevanın dəstəyi ilə yaradılan Boccia İdman Federasiyasının baş katibiyəm. Federasiyamızın yarandığı qısa müddətdə 1 qızıl və 6 gümüş medalımız olub. Olimpiya Komitəsinin rəhbərliyi ilə Beynəlxalq Boccia Federasiyasının görüşündə 2020-ci və 2021-ci illərdə regional çempionatın Azərbaycanda keçirilməsinə nail olduq. Bütün paralimpiyaçılar adından, əlilliyi olan dostlarımız adından ad gününüzü təbrik edir, Sizə uğurlar arzulayıram.

Prezident İlham Əliyev: Sağ ol. Bu şəkil 4 il bundan əvvəl - 2015-ci ildə çəkilib. Ona görə gərək bir şəkil də çəkilsin.

Milli Qəhrəman Sahil Məmmədov deyib: Çox şadam ki, bu gün Sizin ad gününüzdə bizə gözəl ev hədiyyə edirsiniz. Bunu çox şərəflə qəbul edirik. Sizi ad gününüz münasibətilə təbrik edirəm. Sizə cansağlığı, uzun ömür arzu edirəm. Gələcək işlərinizdə müvəffəqiyyətlər diləyirəm.

Zərifə Sultanova: Çox sağ olun, cənab Prezident.

Dilarə Mövludova: Möhtərəm Prezident, mən Sizi təbrik edirəm. Bu gün Sizin ad gününüzdür. Mənim də bu gün ad günümdür. Mənim 81 yaşım tamam olur. Allah ailənizi qorusun.

Prezident İlham Əliyev: Çox sağ olun. Sizə cansağlığı arzu edirəm.

Əvəz Aslanov: Cənab Prezident, Sizi təbrik edirəm. Çox sağ olun ki, bu günü bizimlə bir yerdə qeyd edirsiniz. Minnətdaram.

Daha sonra avtomobillərin sənədlərinin təqdim edilməsi mərasimi olub.

Yaşar Nəsirov: Cənab Prezident, ad gününüzü təbrik edirik. Bizə göstərdiyiniz qayğıya görə minnətdarlığımızı bildiririk.

İsgəndər Zeynalov: Çox sağ olun cənab Prezident, yüz yaşayasınız.

Yeganə Allahverdiyeva: Mən də Sizi təbrik edirəm, möhtərəm Prezident. Allah Sizi qorusun.

Prezident İlham Əliyev: Çox sağ olun.

Kamal Məmmədov: Minnətdarıq Sizə cənab Prezident.

Vüqar Orucov: Cənab Prezident, Sizi təbrik edirəm. Allah Sizə cansağlığı versin.

Prezident İlham Əliyev: Sizi bir daha ürəkdən təbrik edirəm. Qarşıdan Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı gəlir. Bu münasibətlə də sizi təbrik edirəm. Bir daha cansağlığı, uzun ömür arzulayıram.

Mərasim iştirakçıları Prezident İlham Əliyevə bir daha minnətdarlıqlarını bildiriblər.

Sonda xatirə şəkli çəkdirilib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR