Bakının Sabunçu və Suraxanı rayonlarında Novruz bayramı münasibətilə şəhid ailələrinə bayram sovqatı paylanılıb.
ONA xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi, general-leytenant Arzu Rəhimovun tapşırığı ilə bu tədbirlər Azərbaycanın bütün rayon və şəhərlərində həyata keçirilir.
İlk olaraq şəhid İlyas Aslanovun ailəsi bayram münasibətilə təbrik edilib. Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli bildirib ki, bu ailənin sahibi vaxtında vətənimiz üçün canını verib: “Bu uşaqların babası yaşamaq hüququndan keçib ki, Azərbaycanın müstəqilliyi əbədi olsun, bayrağı dalğalansın. Ona görə də sizin ailə seçilmiş ailədir, gələcəkdə nəvələriniz fəxr edəcək ki, məhz bu ailənin uşaqlarıdır. Çünki şəhid bütün rütbələrdən üstündür”.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini, general-mayor Şahvələd Əliyev deyib ki, ölkə rəhbərliyi hər zaman şəhid ailələrinə qayğı ilə yanaşır: “Dövlət Xidməti olaraq xidmət rəisinin göstərişi ilə özümüzə borc bildik ki, böyük bir kollektivlə şəhid ailələrini ziyarət edərək, bayramlarını təbrik edək. Hər bir vətəndaşın borcudur ki, şəhidləri yad etsin, ailələrini ziyarət eləsin. Şəhid hər zaman dövlətin və tanrının ən yüksək məqamındadır, biz daimi onları xatırlayırıq. Şəhidlər başımız üstündədir, hər zaman qəlbimizdədir”.
Lent.az-ın baş direktoru Qabil Abbasoğlunun sözlərinə görə, şəhid ailələrinə, şəhid varislərinə münasibət elə bir səviyyəyə gəlib çatıb ki, indi Azərbaycan xalqının hər bir üzvü onları öz ailəsindən hesab edir: “Bu evdən gedən şəhidi həm də bizim evdən gedilmiş kimi sayırıq. Gedənlər hamısı evimizdən, kisəmizdən, ölkəmizdən, millətimizdən gedib. Bir ata bir övlad və öz həyat yoldaşına, ailəsinə bundan böyük miras qoyub gedə bilməz, bundan böyük qürur mənbəyi ola bilməz. Biz nə qədər çalışsaq da, elədiyimiz heç onların elədiklərinin bir faizi də ola bilməz. Sağ qalan ən yaxşı atanın elədikləri şəhid atanın elədiklərinin bir faizi belə deyil. Gələcəkdə bu ailələrdə böyüyən uşaqların hər biri Azərbaycan xalqı üçün qürur yarada biləcək hadisələrin müəllifləri olacaqlar”.
Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Nərgiz Xələf isə deyib ki, bu gün bütün dünya görür ki, Azərbaycan uğrunda canını verən insanlar var: “Bu artıq dünyaya bir mesajdır”.
Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov bildirib ki, Novruz bayramı şəhid ailələrinin yanında olmaq üçün bir fürsətdir: “Arzu edirəm ki, gələn il bayramı işğal olunmuş torpaqlarımızda iki qat bayram edək, çünki bu xalq buna layiqdir”.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini Vahid Əbdülrəhmanov qeyd edib ki, torpağa su qarışanda palçıq, qan qarışanda vətən olur. Bu gün vətən olması üçün şəhidlərimiz torpağa qanlarını qatıblar: “Torpağın üstündə qürurla gəzdiyimiz üçün torpağın altında uyuyan şəhidlərimizə borcluyuq. O şəhidlərin qanı bizim qucağımıza dağılıb, onların ruhu bizimlədir. Şəhidlərin ruhlar o zaman şad olacaq ki, biz yenidən döyüşlərə gedərək torpağımızı azad edəcəyik”.
Şəhid İlyas Aslanovun həyat yoldaşı Raya Bayramova deyib ki, bayram günündə məni yad etdikləri üçün sevincimin həddi-hüdudu yoxdur: “Yoldaşım İlyas Aslanov müharibə başlandığını eşidən kimi könüllü olaraq cəbhəyə getdi. O zaman qızlarım balaca olsa da, dedi ki, bu torpaqlar uğrunda döyüşməliyəm. 1993-cü Ağdərənin Dəstəgül kəndində döyüşürdü, həmin ilin iyun ayında xəbər gəldi ki, itkin düşüb. O vaxtdan da meyiti tapılmır. Meyiti harada qaldı, necə oldu xəbər ala bilmədik. Amma indi adına küçə verilib. Qəbri olmasa da, bizə küçə yadigar qalıb. Prezidentimizə, Mehriban xanıma təşəkkür edirəm ki, balalarımla maraqlanırlar”.
Digər şəhid ailəsi Əkrəm Bəbirovun ailəsinə də bayram sovqatı aparılıb. Şəhidin həyat yoldaşı Ülfət Bəbirova da bayram günündə onu yad etdikləri üçün sevincli olduğunu deyib: “Yoldaşım 1992-ci ildə könüllü olaraq cəbhəyə getdi və bir aydan sonra xəbər çıxdı ki, itkin düşüb. Ona şəhid statusunu çox gec, 7 ildən sonra aldım, çünki hələ də gələcəyini gözləyirəm. Bu il 27 il olur. Birinci dəfədir ki, bizim qapımızı açırlar. Yoldaşım əsgər gedəndə oğlumun iki yaşı vardı, fabrikdə işləyərək uşaqlarımızı saxlamışam. Hər kəsə bu gün yad etdikləri üçün təşəkkür edirəm, çünki bu bayram günündə məni sovqatdan çox mənəvi dəstək sevindirdi”.
Başqa şəhid ailələri də bayram günündə yad olunub, onlara bayram sovqatı paylanılıb.