• SOSİAL

    18:07 18 mart 2019

Raquf Orucovun oğlu şəhid ailələri ilə həmrəylik kampaniyasına start verib

Aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş polkovnik-leytenant Raquf Orucovun oğlu Aqşin Oruclunun təşəbbüsü ilə bir qrup gənc şəhid ailələri ilə həmrəylik kampaniyasına start verib.

Gənclər Fondundan ONA-ya verilən məlumata görə, “Şəhidimiz” (#ŞƏHİDİMİZ) adlanan kampaniyaya Gənc Könüllülər, ASAN Könüllüləri, RİİB Könüllüləri, Bakı Şəhər Halqası Könüllüləri, BİR Tələbə Könüllüləri, Aqrar İnkişaf Könüllüləri və CAVAN Gənclər Hərəkatı, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və Azərbaycan Skautlar Assosiasiyasının fəalları qoşulub.

Kampaniya Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin xatirəsinin qorunub saxlanılması və şəhid ailələri ilə ölkə gəncliyinin həmrəyliyini nümayiş etdirmək məqsədi daşıyır. Bu çərçivədə Novruz bayramı ərəfəsində gənclər aprel döyüşlərində şəhid olan soydaşlarımızın ailələrini ziyarət edib, onlarla həmsöhbət olub və dəstəklərini nümayiş etdiriblər. Bayram ziyarətində ailələrə həmçinin Novruz sovqatı çatdırılıb.

Qeyd edək ki, kampaniya bayram günləri ərzində davam edəcək və bu hərəkatda iştirak etmək istəyən gənclər www.shehidimiz.az saytına müraciət edə və ya sosial şəbəkələrdə #ŞƏHİDİMİZ həştəqi ilə paylaşımlar edə bilərlər.

Şəhidlərimizin əziz xatirəsinin uca tutulması, gənclər arasında vətənpərvərlik hissinin yüksəldilməsi və onların milli ruhda yetişməsi üçün #ŞƏHİDİMİZ adlı kampaniya ilboyu müxtəlif tədbir və layihələrlə davam edəcək.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR