20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı qəbul olunan tədbirlər planına əsasən Şəhidlər Xiyabanında hazırlıq işləri aparılır.
ONA xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) mətbuat xidmətinin məlumatına görə, BŞİH-in qurumları tərəfindən cari təmir, geniş təmizlik və abadlıq işləri görülüb, ağacların budaqları budanıb, qazon örtüyü yenilənib, yeni güllər əkilib, işıq dirəkləri rənglənib, səkilər və bütün ərazi yuyulub.
Anım gününə bir neçə gün qalsa da, artıq ziyarətçilərin xiyabana axını müşahidə olunur. Ziyarətçilər arasında məktəblilər, müəllimlər və xarici ölkə vətəndaşları da var.
Hazırlıq işlərinin yanvarın 19-dək başa çatdırılması planlaşdırılır.
Yanvarın 19-20-də vətəndaşların sərbəst və maneəsiz hərəkətini təmin etmək məqsədilə təhlükəsizlik tədbirləri görüləcək.