Azərbaycanda qızılca xəstəliyi ilə bağlı son duruma aydınlıq gətirilib.
ONA-nın xəbərinə görə, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktorunun müavini Afaq Əliyeva Lent.az-ın canlı yayımında bildirib ki, qonşu ölkələrdə müşahidə olunan epidemiya halı Azərbaycanda qeydə alınmasa da, qızılcaya yoluxanlar var: “Yoluxmanın əsas səbəbi miqrasiyanın, ölkəyə xarici ölkələrdən gələnlərin çoxluğudur”.
Afaq Əliyeva deyib ki, 2006-cı ildə Azərbaycanda qızılca-məxmərəyə qarşı böyük peyvəndləmə kampaniyası aparılıb. Həmin kampaniya 7-35 yaşa qədər 2 milyona qədər insanı əhatə edib. Bunun nəticəsində 2008-ci ildən 2013-cü ilin iyul ayına qədər ölkədə qızılca qeydə alınmayıb.
2013-cü ildə ölkədə 164 belə hadisənin qeydə alındığını deyən A. Əliyeva bildirib ki, həmin vaxt yenidən immunlaşdırma aparılıb. 2018-ci ilin noyabr ayının sonuna qədər ölkədə qızılca qeydə alınmayıb: “Ötən ilin noyabrından sonra qızılca xəstəliyi yenidən qeydə alındı. Ölkədə müşahidə olunan qızılca xəstəliyinin 80 faizindən çoxu böyüklər arasında qeydə alınır”.
A.Əliyevanın sözlərinə görə, Səhiyyə Nazirliyi bunun qarşısını almaq üçün martın 1-dən 40 yaşa qədər əhali arasında peyvəndləmə aparmağa başlayıb: “Martın 1-dən indiyədək ölkədə 100 min nəfər qızılca-məxmərəyə qarşı peyvənd olunub. Peyvəndləmə kampaniyası aprelin sonuna qədər davam edəcək. İndiyədək qızılcaya qarşı peyvənd olunmayan 40 yaşa qədər əhalini ərazi üzrə poliklinikalara gedib peyvənd olunmağa çağırırıq. Bütün poliklinikalarda uyğun peyvəndlər var”.