Səhiyyə Nazirliyi Göyçayda quduzluq faktına münasibət bildirib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, hadisə Göyçayın dağətəyi kəndlərindən birində qeydə alınıb, Quliyev Qoşqar Əvəz oğlunu yaşadığı evin həyətindəki it dişləyib. İt hadisənin səhəri günü ölüb.
Nazirlikdən onu da bildiriblər ki, Q.Quliyev 39 gün müddətində həkimə müraciət etməyib: “Quduzluq əlamətləri müşahidə edildiyindən, hadisədən 40 gün ötdükdən sonra o, həkimə müraciət edib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb”.
Qeyd edək ki, Göyçay rayon sakini faciəli şəkildə dünyasını dəyişib. Rayonun Yekəxana kənd sakini, 1981-ci il təvəllüdlü Quliyev Qoşqar Əvəz oğlu it dişləməsi ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Q.Quliyevə quduzluq diaqnozu qoyulub. Tibbi yardıma baxmayaraq, Q.Quliyev dünyasını dəyişib.