Prezident İlham Əliyev Şəki şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
ONA xəbər verir ki, sərəncamla Şəki şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.7.7-ci yarımbəndində göstərilmiş məbləğin 25,0 (iyirmi beş) milyon manatı “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.
Maliyyə Nazirliyi göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll etməlidir.