Bu gün Azərbaycan Milli Məclisinin deputatı, Ağsaqqallar Şurasının sədri Fəttah Heydərovun vəfatından qırx gün ötür.
Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə APA-ya müsahibəsində uzun illər dostluq etdiyi Fəttah Heydərovla bağlı xatirələrini bölüşüb: "Fəttah Heydərov mənim sirdaşım, dostum idi. Mən onunla uzun illər dostluq etmişdim. Belə dost tapmaq, əlbəttə, çox çətindir. Sizə deyim ki, ürək dostu olmaq hər adama nəsib olmur, bunun üçün mənəvi həyatın birliyi vacibdir. Bizi Fəttah kişi ilə birləşdirən - Allah rəhmət eləsin, mən onun üçün Fəttah kişi deyirəm ki, o həqiqətən də kişi idi - bizi birləşdirən mənəvi yol olub, Həccə getmək olub. Bizim dostluğumuz imandan gələn dostluq olub. Ən mühümü ondan ibarət idi ki, biz onunla ürəyimizdən keçənləri, çətinlikləri bölüşür, fikir mübadiləsi aparırdıq, nə olsa daha yaxşıdır, nəyi necə etmək lazımdır, bu kimi məsələləri bölüşürdük".
Şeyx qeyd edib ki, onlar ailəvi dost olublar: "Münasibətlərimiz də olub, uşaqlarımızın, həyat yoldaşlarımızın bir-biri ilə dostluqları olub. Fəttah kişinin yoldaşı Sahibə xanımın imanı çox pak imandır. Baxmayaraq ki, mən Şeyxülislamam, həmişə ona qibtə eləmişəm. Onda o qədər iman, təmizlik var ki, həqiqətən mən onun yanında oturanda, onun duasını eşidəndə özümdə bir qüvvə hiss etmişəm. Fəttah kişinin bu ərsəyə çatmasında, ümumiyyətlə, o ailənin yetişməsində o xanımın böyük rolu var.
Hacı Fəttah qızlarımın, oğlumun toylarında həmişə başda olub, ağsaqqallıq edib, o alıb, o verib. Yəni, bizim ailədə onun yeri həm ata olub, həm qardaş olub, həm yaxın dost olub. Onun özü ilə yanaşı, ailəsi də bizim ailədə həmişə doğma olublar, xüsusən qızlarına, Kəmaləddin müəllim başda olmaqla oğlanlarına böyük hörmət bəslənilib. Qızları ilə bizim qızlar arasında da münasibətlər səmimi olub, bu gün də bu münasibətlər davam edir".
A. Paşazadə bildirib ki, F. Heydərovla ilk görüşləri Türkiyədə baş tutub: "Mən Fəttah Heydərovdan təmənnasız bir münasibət gördüm. Mənim də ona qarşı münasibətim eyni cür idi. Hələ o vaxt Naxçıvanda heç yerdə məscid yox idi. Mənimlə də məsləhətləşəndən sonra birinci dəfə Babək rayonunda gözəl bir məscid tikdirdi. O məscidin açılışında mən də iştirak etmişəm. Görürdüm ki, onun gözlərindən yaş gəlir! Baxmayaraq ki, o dövrdə Naxçıvanda rəhbər vəzifədə çalışmışdı, çoxlu xeyirxah işlər görmüşdü, bununla belə məscidin açılışında hədsiz sevinirdi. Sanki Allaha elə bir borcu var idi ki, Allah-taala imkan verdi, həmin borcu yerinə yetirdi. Ümumən digər xeyirxah işlərdə yaxından iştirak edirdi, başqa məscidlərə də köməklik göstərirdi. Fəttah kişi əsl ağsaqqal idi. Elə sonradan da onu Ağsaqqallar Şurasının sədri seçdilər".
Şeyx qeyd edib ki, F. Heydərov ulu öndər Heydər Əliyevin ən yaxın silahdaşlarından biri olub: "Hacı Fəttahın Ulu Öndərə çox böyük hörməti və bağlılığı vardı. Ulu Öndər də ona çox böyük hörmət edirdi. O, hara getsəydi, Ulu Öndəri, Prezidentin gördüyü işləri təbliğ edirdi, ondan danışırdı. Buna görə ki, o qəlbən Ulu Öndərə və o ailəyə bağlı idi, o ailəyə sadiq olan insan idi. Mən onun gördüyü siyasi işlərdən çox danışa bilərəm. Amma bunları hər kəs izləyə bilib deyə, daha çox dost, yoldaş kimi mənəvi dəyərlərindən danışıram. Fəttah Heydərov Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya qəlbən bağlı, sadiq olan, hörmət bəsləyən, gördükləri işləri hər yerdə təbliğ edən adam idi. Onlar da Fəttah müəllimə həmişə bir ağsaqqal kimi hörmətlə yanaşırdılar".
Şeyx Fəttah Heydərovla bağlı maraqlı bir xatirəsini də bölüşüb: "Bizim “Təzə Pir”də Molla Tahir adlı, əsasən dəfn kimi məsələlərlə məşğul olan sadə adam vardı. Onlar nə vaxtsa Naxçıvanda görüşüblərmiş, Fəttah kişi onu tanıyırdı. Bir dəfə məndən Molla Tahirin ünvanını soruşdu. Evini tapıb, birlikdə getdik. Həmin molla buralarda yaxın bir yerdə kirayədə qalırdı. Kasıb adam idi. Getdik, ev sahibləri çay gətirmək istəyirdilər, amma utanır, nədənsə çəkindilər. Fəttah kişi isə dedi, utanmayın, gətirin çayı, çay da içəcəm, hələ yeməyə saxlasanız, bəlkə yemək də yedim sizinlə (gülür). O, keçmişini, dostlarını, nə zamansa balaca bir dəstəyi olmuş adamları unutmurdu. Bax, mən bu xüsusiyyətlərinə, sadəliyinə görə o kişini çox istəyirdim. Hər kəsə belə dost, belə sirdaş nəsib olmur. Onun itkisi mənimçün çox ağır, böyük boşluqdur".