• SOSİAL

    13:45 25 iyun 2019

Şirməmməd Hüseynov II Fəxri xiyabanda dəfn olunub - YENİLƏNİB

Dünən vəfat edən görkəmli alim və mətbuat tədqiqatçısı, jurnalist-pedaqoq Şirməmməd Hüseynovla vida mərasimi keçirilib.

ONA-nın xəbərinə görə, Bakı Dövlət Universitetində baş tutan vida mərasimində Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Azərbaycan Respublikası Prezidentinin hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi, PA-nın şöbə müdiri Fuad Ələsgərov, Təhsil naziri Ceyhun Bayramov, Səhiyyə naziri Oqtay Şirəliyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Vergilər naziri Mikayıl Cabbarov, MSK sədri Məzahir Pənahov, AMEA prezidenti Akif Əlizadə, Ombudsman Elmira Süleymanova, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak edirlər.

BDU-nun rektoru Elçin Babayev deyib ki, Şirməmməd Hüseynov yüzlərlə jurnalistin ustadı olub: "O, Azərbaycan və azərbaycançılıq ideologiyasının carçılarından idi. Azərbaycan dövləti Şirməmməd müəllimin zəhmətini hər zaman qiymətləndirib. Şirməmməd Hüseynov çox arzulayırdı ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini görsün. Təbii ki, arzusuna çatdı. Şirməmməd müəllim özündən sonra heç bir zaman unudulmayan tarixi iz qoydu. Allah rəhmət eləsin!".

Vida mərasimi başa çatandan sonra Şirməmməd Hüseynov II Fəxri xiyabanda dəfn olunub.

***

11:14

Dünən vəfat edən görkəmli alim və mətbuat tədqiqatçısı, jurnalist-pedaqoq Şirməmməd Hüseynovla vida mərasimi başlayıb.

ONA-nın xəbərinə görə, Bakı Dövlət Universitetində baş tutan vida mərasiminə BDU, Mətbuat Şurasının rəhbərliyi, ictimaiyyət nümayəndələri, ziyalılar qatılıb.

Qeyd edək ki, Şirməmməd Hüseynov iyunun 24-də axşam saatlarında evində vəfat edib.

Azərbaycanın görkəmli alim və mətbuat tədqiqatçısı, Ali Media Mükafatı laureatı, Prezident təqaüdçüsü, Bakı Dövlət Universitetinin mətbuat tarixi və ideoloji iş metodları kafedrasının professoru Şirməmməd Hüseynov 1924-cü ildə Şəkidə anadan olub. 1941-1943-cü illərdə Şəki şəhəri 2 illik Müəllimlər institutunun Fizika-riyaziyyat fakültəsində, 1945-1950-ci illərdə Azərbaycan Dövlət Universitetinin Filologiya-jurnalistika şöbəsində təhsil alıb. 1950-1954-cü illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsinin aspirantura şöbəsində oxuyub. 1954-cü ildə MDU-nun Jurnalistika fakültəsində namizədlik dissertasiyası müdafiə edib. 1954-1961-ci illərdə ADU-nun Filologiya fakültəsinin Jurnalistika kafedrasının müəllimi, dosent vəzifələrində çalışıb. 1962-1969-cu illərdə Filologiya fakültəsinin dekan müavini olub. 1961-1971-ci illərdə ADU-nun Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının dosenti, 1971-1976-cı illərdə Jurnalistika fakültəsinin dekanı, 1971-1988-ci illərdə Mətbuat tarixi kafedrasının dosenti vəzifəsində çalışıb. 1976-1988-ci illərdə Mətbuat tarixi kafedrasının müdiri vəzifəsində işləyib. 1988-ci ildən Bakı Dövlət Universitetinin Mətbuat tarixi kafedrasının professoru idi. Azərbaycan Demokratik Cümhuriyyətinin, Məhəmməd Əmin Rəsulzadə irsinin öyrənilməsində, təbliğində xidmətləri olub.

O, 1966 və 1972-ci illərdə “Qızıl qələm" mükafatına, 1988-ci ildə “Əməkdar jurnalist” adına, 1991-ci ildə Zərdabi adına mükafata, 1992-ci ildə Yusif Məmmədəliyev adına mükafata, 1998-ci ildə M.Ə.Rəsulzadə adına mükafata, 2014-cü ildə "Şərəf" ordeninə layiq görülüb.

Şirməmməd Hüseynov “Milli haqq və ədalət axtarışında”, “Mənəvi irsimiz və gerçəklik” və başqa kitabların müəllifidir.

Allah rəhmət eləsin!

ONA

Teqlər:

SON XƏBƏRLƏR