• SOSİAL

    12:29 21 iyun 2019

Son 14 ildə Azərbaycanda məzunların sayı 33 faiz azalıb

“2018-ci ildə ümumtəhsil müəssisələrinin 82 486 məzunu olub. Son 14 ildə məzunların sayı 40 622 nəfər azalıb”.

ONA-nın xəbərinə görə, bu, Dövlət İmtahan Mərkəzinin (DİM) “Abituriyent” jurnalının 12-ci nömrəsində öz əksini tapıb.

Bildirilib ki, bu meyl artıq bir neçə ildir müşahidə olunur: “Son 14 ildə məzunların sayı 33 faiz azalıb. Bu, ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak edənlərin sayında da özünü göstərir. 2017-ci illə müqayisədə 2018-ci ildə məzunların sayı 1193 nəfər azalıb. Bununla belə qeyd etmək lazımdır ki, sənəd verənlərin tərkibində 2018-ci ilin məzunlarının payı heç də azalmır, əksinə artır. 2018-ci ildə sənəd verənlərin 77.86 faizini (61182 nəfər) həmin ilin məzunları təşkil edib. Müqayisə üçün bildirək ki, 2010-cu ildə ali təhsil müəssisələrinə sənəd verənlər arasında həmin ilin məzunlarının payı 55.63 faiz, 2011-ci ildə 58.39, 2012-ci ildə 58.84, 2013-cü ildə 60.66, 2014-cü ildə 64.05, 2015-ci ildə 66.04, 2016-cı ildə 68.31 və 2017-ci ildə 75.83 faiz olub”.

Qeyd olunub ki, 2010-cu ildən etibarən ali məktəblərə sənəd verənlər arasında əvvəlki illərin məzunlarının payı getdikcə azalır, cari illərin məzunlarının payı isə artır: “Bunun əsas səbəbi hər il ali təhsil müəssisələrinə qəbul üçün ayrılan plan yerlərinin ciddi şəkildə artırılması və nəticədə qəbul olanların sayı artdıqca, növbəti il üçün əvvəlki illərin məzunları arasında qalığın azalmasıdır. Bu isə öz növbəsində ümumiyyətlə abituriyentlərin tərkibində əvvəlki illərin məzunlarının payının azalması ilə nəticələnir”.

ONA

Teqlər:

SON XƏBƏRLƏR