Keçən il işə qəbul üzrə müsabiqədə iştirak etmək üçün 51 min müəllim elektron ərizə ilə müraciət edib ki, bu da 2013-cü illə müqayisədə 3 dəfə çoxdur.
ONA-ın məlumatına görə, bu, Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyəti haqqında hesabatında əksini tapıb.
Sənəddə qeyd edilib ki, 2018-ci ildə 4053 müəllim, son 5 ildə isə 18 136 müəllim işə qəbul olunub. Onlardan kənd məktəblərində fəaliyyətə başlamış 11 600 nəfərinə (64 faiz) Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, həvəsləndirmə tədbirləri tətbiq edilib.
Hesabatda nəzərə çatdırılır ki, pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislərin kənd rayonlarında iş yerlərinin dəyişdirilməsi proseslərini avtomatlaşdırmaq məqsədilə Nazirlər Kabinetinin 2010-cu il 14 aprel tarixli qərarında dəyişiklik edilib.
Keçən il 500 və daha artıq bal toplayan məzunlar arasında müəllimlik ixtisasını seçənlərin sayı 2090 nəfər olub ki, bu da 2013-cü illə müqayisədə 2,3 dəfə, 2017-ci ilə nisbətən isə 53,6 faiz artım deməkdir.