• SOSİAL

    18:45 18 iyun 2019

Son bir ayda Azərbaycanda liposaksiya əməliyyatından 2 nəfər ölüb - HƏKİMLƏR SƏBƏBİNİ AÇIQLAYIR

Bədəndə yığılan piylərdən qurtulmaq üçün liposaksiya (müxtəlif nahiyələrdə olan piyin sovrulması) əməliyyatı uzun illərdir ki, tətbiq edilir. Azərbaycanda da bu estetik əməliyyata çox geniş yer verilir. Xüsusən gözəl görünmək istəyən xanımlar bu əməliyyat üçün müraciət edirlər. Son illərdə piylər, artıq çəki ilə vidalaşmaq üçün fərqli metodlar gündəmə gəlsə də, liposaksiya hələ də əvəzolunmazlığını saxlayır. Bu əməliyyata daha çox diet proqramları, idmanla piylərdən yaxa qurtarmaq mümkün olmayanda müraciət olunur.

Son bir ayda bu əməliyyatla bağlı qeydə alınan iki ölüm faktı liposaksiyanın çox riskli olması barədə təəssürat yaradıb.

Xatırladaq ki, bir neçə gün öncə Azərbaycan Tibb Universitetinin müəllimi, 65 yaşlı həkim-pediatr, dosent Sədaqət Şahsuvarova keçirdiyi liposaskiya əməliyyatından 4 gün sonra vəfat edib. Bundan bir müddət əvvəl, mayın 28-də isə Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun əməkdaşı, ginekoloq Sona Gürgün Vəliyeva liposaksiya əməliyyatından sonra dünyasını dəyişib.

Liposaksiya əməliyyatından ölüm halları hansı səbəblərdən yarana bilər? Bu əməliyyatın hansı riskləri var? e-tibb.az bununla bağlı mütəxəssislərin fikirlərini öyrənib.

Ümumi cərrah Bibixanım Məmmədova bildirib ki, liposaksiya əməliyyatından ölüm hallarının yaranması mümkündür. Onun sözlərinə görə, burada ölüm riskinin səbəbi tromb emboliyasıdır: “Tromb ağciyər arteriyalarını tuta bilər ki, bunun nəticəsində də xəstə həyatını itirir. Liposaksiyada eyni zamanda yağ emboliyası da ola bilər. Liposaksiya yağların əridilib, daha sonra aparatla sovrulub çıxarılmasıdır. Yağ əridildiyi üçün onların qana keçib yağ emboliyasını yaradıb xəstənin ölümünə səbəb olması mümkündür. Bu hər yerdə ola bilər. Amerikada, Avropada da kimsə gedib bu əməliyyatı etdirsə, eyni risk var. Liposaksiya əməliyyatından əvvəl həkimlər yarana biləcək bütün ağırlaşmalar barədə xəstələrə məlumat verirlər. Bu təbii ki, hamının başına gəlmir, amma mümkünsüz bir şey də deyil. Bu risk həkimə bağlı olan məsələ deyil, əməliyyatın xarakterinə bağlı olan bir haldır. Bu, Amerikanın ən məşhur cərrahının xəstəsinin də başına gələ bilər. Heç bir xəstə bu riskdən qarantiyalı deyil”.

Plastik və rekonstruktiv cərrah Vaqif Qələndər qeyd edib ki, liposaksiya əməliyyatı mütəxəssis tərəfindən həyata keçirilməlidir: “Bu əməliyyat peşəkar plastik və rekonstruktiv cərrah tərəfindən aparılmalıdır. Çünki bu əməliyyatın əks göstərişləri ola bilər, bunu da həmin mütəxəssis bilməli və son dərəcə diqqətli olmalıdır. Burada müəyyən problemlər ortaya çıxa bilər. Birinci növbədə əməliyyatdan öncə xəstənin analizləri düzgün yoxlanılmalıdır. Əgər xəstədə qan azlığı və ya qanda laxtalanma ilə bağlı problem yoxdursa, bu əməliyyat keçirilir. Liposaksiya əməliyyatında ən böyük risk tromb emboliyasıdır. Bu riski minimuma endirmək üçün bu əməliyyat həmin sahənin mütəxəssisi tərəfindən aparılmalıdır. Tromb emboliyasının yaranması riskini əvvəlcədən müəyyən etmək mümkün deyil. Amma əvvəlcədən təbii ki, müəyyən prosedurlar var ki, buna əməl edilməlidir. Bilmək lazımdır ki, bədən çəkisinə uyğun olaraq bədəndən nə qədər piy çıxarıla bilər. Birinci növbədə xəstədə qanın laxtalanması norma daxilində olmalıdır. İkincisi, cərrahiyyə əməliyyatı keçiriləcək xəstədə qan azlığı olmamalıdır, qanda şəkərin miqdarı normal olmalıdır”.

Cərrah deyir ki, ümumilikdə liposaksiya riskli əməliyyat sayılır: “Bütün əməliyyatlarda bu risk var, amma digər əməliyyatlardan bir fərqi tromb emboliyası riskinin olmasıdır. Piyi liposaksiya aparatı ilə çəkəndə orada boşluqda qalan piy hüceyrələri limfa sistemindən qana keçir və qanda yenidən birləşib qan damarlarının keçdiyi lokallaşmış yerlərdə, ağciyərdə tromb emboliyası riski yaradır. Liposaksiya əməliyyatının yüksək riskli olmasının səbəbi də budur. Burada piyin miqdarı da çox önəmlidir. Əgər yüksək miqdarda piy çıxarılırsa, tromb emboliya riski də yüksək olur. Piyin miqdarının az olması riskin də az olması deməkdir”.

Plastik, rekonstruktiv və estetik cərrah Rauf Kərimov isə deyir ki, çox kök adamları liposaksiya əməliyyatına götürmək düzgün deyil. Cərrah deyir ki, liposaksiya əslində çox gözəl metoddur, amma ondan korreksiya üçün istifadə edilsə, çox yaxşı olar: “Yüksək miqdarda yağ çəkildikdə bu təbii ki, ölüm riski yarada bilər. Son zamanlar ölüm halları təkcə liposaksiya əməliyyatlarında deyil, lipofilinqdə də olur. Lipofilinq bədəndən çıxarılan yağın başqa bir yerə vurulmasıdır. Bunu da bütün dünyada edirlər. Hamı bilir ki, yağı hansısa başqa bir yerə vurduqda yağın damara girməklə sonra daha böyük damarı tutmaq riski var. Bu barədə də əvvəlcədən xəstəyə məlumat verilir. Buna piy emboliyası deyilir, bunu isə əvvəlcədən bilmək mümkün deyil. Çünki bədəndə böyük damarlar var, amma həkim o damarları görmür. Yağ da vurulanda təzyiqdən damarın divarı yırtılır və yağ damara girib böyük damarı tutur. Bunu idarə etmək mümkünsüzdür”.

Cərrah vurğulayıb ki, çox kök adamlar üçün liposaksiya riskli əməliyyatdır:

“Amma bu risk digər əməliyyatlarda olduğu qədərdir. Az miqdarda yağ toxuması çıxarılırsa, bu o qədər riskli deyil, amma çox miqdarda yağ çıxarılması riskli sayılır”...

ONA

Teqlər:

SON XƏBƏRLƏR