Mənzil İnşaatı Dövlət Agentliyi güzəştli ipoteka krediti hesabına mənzil əldə etmək istəyən vətəndaşlara müraciət edib.
Trend-in məlumatına görə, müraciətdə bildirilir ki, Azərbaycan Prezidentinin 2019-cu il 14 yanvar tarixli fərmanına əsasən, Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri güzəştli ipoteka krediti hesabına əldə etmək istəyən elektron kabineti olan şəxs mütləq ilkin razılıq qərarının alınması üçün agent banklara müraciət etməli və agent bankdan aldığı ilkin razılıq qərarının "Güzəştli mənzil" sistemindəki elektron kabinetində yerləşdirilməsini təmin etməlidir.
Qeyd edək ki, istifadəçi "Güzəştli mənzil" sistemində elektron kabinetinə daxil olaraq "İlkin razılıq qərarı" bölməsində həmin razılıq qərarını imzalamalıdır. Əks halda, mənzilləri ipoteka krediti hesabına ödəniş üsulu ilə əldə etmək mümkün olmayacaq.