Prezident İlham Əliyevin “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” 25 fevral 2019-cu il tarixli sərəncamına əsasən, sosial müavinətlərin artırılması ilə bağlı həm parlamentdə qanunlara, həm də Nazirlər Kabineti tərəfindən müvafiq qərarlara dəyişikliklər edilməlidir.
Bunu ONA-ya Milli Məclisin Sosial siyasət və əmək komitəsinin sədri Hadi Rəcəbli bildirib.
H. Rəcəbli deyib ki, sərəncamla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə normativ hüquqi aktların layihələrini on beş gündə hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb: “Həmin sosial müavinətlərin bir qisminin artırılması ilə əlaqədar hüquqi baza təkmilləşməli, yəni qanunlara dəyişiklik edilməli, bir qismi ilə bağlı isə Nazirlər Kabinetinin direktiv sənədləri dəyişməlidir. Biz həmin təkliflərin yaxın vaxtlarda parlamentə təqdim edilməsini gözləyirik. Gözləyirik ki, o təklifləri müzakirə edək və Prezidentin sərəncamda göstərdiyi istiqamətlər üzrə hüquqi baza dəqiqləşsin".
Qeyd edək ki, Prezident İlham Əliyevin “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” 25 fevral 2019-cu il tarixli sərəncamına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə yaşa, əlilliyə, ailə başçısını itirməyə, uşağın anadan olmasına və dəfnə görə, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına, müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqlarına, beşdən çox uşağı olan qadınlara, müharibə veteranlarına və əlillərinə verilən sosial müavinətlərin artırılması ilə əlaqədar normativ hüquqi aktların layihələrini on beş gün müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev sosial müavinətlər üzrə artımların aprelin 1-dən əhaliyə veriləcəyini bildirib.