• SOSİAL

    16:53 5 oktyabr 2021

Sosial şəbəkələrdə qlobal qəza: Dünən internet məkanında yaşananlar nədən xəbər verir? - ARAŞDIRMA

Ötən gün “Facebook Inc.” şirkətinin “Facebook”, “Instagram” sosial şəbəkələrinin, eləcə də “WhatsApp” messencerinin işində Bakı vaxtı ilə saat 19:30-dan sonra irimiqyaslı dayanma baş verib. Sadalanan xidmətlərin həm mobil tətbiqləri, həm də saytları bir neçə saat ərzində işləməyib.

Məşhur internet resurslarının işini izləyən “Downdetector” portalının məlumatına görə, şikayətlərin çoxu bu xidmətlərin tətbiqlərinin işləməməsi ilə bağlı olub ki, bu da bütün müraciətlərin 50%-dən çoxunu təşkil edib. Bəzi istifadəçilər sosial media saytlarının işindən, digər hissəsi isə serverlə əlaqənin olmamasından şikayətlənib. Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidməti də problemin qlobal xarakter daşıdığını təsdiqləyib.

“Facebook” nümayəndələri “Twitter” səhifəsi vasitəsilə istifadəçilərin üzləşdiyi çətinliklərdən xəbərdar olduqlarını bildirib? üzr istəyərək problemin qısa zamanda aradan qaldırılacağı barədə xəbərdarlıq yayıblar.

Problem korporasiya daxili kommunikasiyaya da təsir edib. Belə ki, personalın iş tətbiqləri, görüşlər təşkil etmək üçün servislər və s. xidmətlər də fəaliyyət göstərməyib. Bununla yanaşı, işçilərin şirkətin binasına daxil olmaq üçün kartları da işləməyib.

CNBC-nin məlumatına görə, bu, İT nəhəngi üçün 2008-ci ildən bəri ən böyük problem hesab edilir. Bu gün Bakı vaxtı ilə saat 01:05-də “Facebook”un bəzi resurslarının ara-sıra işləməsi qeydə alınıb. Saat 01:50-də “Facebook” və “Instagram”ın işi qismən bərpa olunub.

Ekspertlər “Facebook”da dayanmaları mütəmadi baş verdiyini deyirlər, lakin ötən gün baş verəni qlobal qəza adlandırırlar. Problemlər müxtəlif səviyyələrdə ola bilər, lakin həmin an problemlər DNS (domen adı sistemi) tərəfdən müşahidə edilirdi. Sadə dillə desək, istifadəçi brauzerin ünvan sətrinə sayt adı daxil edərkən və ya smartfonda tətbiqi açarkən cihaz sadəcə hansı serverə qoşulacağını anlamırdı. DNS serverlərinə haker hücumu olduğu da istisna edilmir.

Xidmətlər bərpa olunandan sonra dünyanın ən böyük bulud provayderlərindən biri sayılan “Cloudflare” mütəxəssisləri “Facebook” xidmətlərində yaranan problemi səhv yenilənən marşrutlaşdırıcılarla əlaqələndirib. Səhvlə endirilən yeniləmə “Facebook”un DNS serverinin əlçatmaz olmasına səbəb olub. Digər tətbiqlərdəki problemlər isə istifadəçilərdən gələn müraciətlərin sayının artması ilə əlaqələndirilir.

Bununla bağlı yerli ekspertlər nə deyir?

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzün fikrincə, bu cür nəhəng qlobal sosial media resurslarının formalaşması, dünyanın da onun üzərində “oturması” iqtisadiyyata, biznesə risklər və təhlükələr yaradır.

“Nəzərə alınmalıdır ki, qlobal sosial media resurslarının yaratdığı rəqabətsiz inhisarçı mühit yaşayış, biznes və cəmiyyət üçün risklər yaradır. Düşünürəm ki, ölkələr, hökumətlər bunun fərqində olmalıdır. İmkan vermək olmaz ki, bu cür qlobal sosial media resursları rəqabətsiz, inhisarçı mühit yaratsın. Yəni bəlli bir şərtlər müəyyən etmək lazımdır ki, onların dünya iqtisadiyyatına, cəmiyyətə, insanlara belə təhlükəli təsirləri minimuma endirilsin”, - deyə O. Gündüz “APA Economics”ə açıqlamasında bildirib.

Ekspertin fikrincə, bu cür qurumların birləşərək nəhəng korporasiyalar yaratmasına imkan vermək düzgün deyil: “Məsələn, “Facebook Inc.”ın ətrafında “Instagram”, “WhatsApp” və həmçinin “Facebook” sosial şəbəkəsi birləşib. “Google”a isə “Gmail”, “YouTube” və s. xidmətlər aiddir. Hesab edirəm ki, “Facebook”, “Google”, “Apple”, “Amazon”, “Twitter” kimi qlobal qurumlara qarşı yeni yanaşma qoyulmalıdır. Yeni yanaşmada onların rəqabəti pozacaq inhisarçı mühit aradan qaldırılmalıdır. Bunların artıq ayrı-ayrı qurumlara bölünməsi, parçalanması, ayrı-ayrı qurumlara satılması doğru addım olardı”.

İnformasiya texnologiyaları sahəsi üzrə ekspert Rəşad Əliyevin sözlərinə görə, burada ümumiyyətlə, ilk növbədə, məlumatların əlçatanlığı məsələsi önə çıxır. “Misal olaraq, Data xidmətləri təqdim edən şirkət SLA (Service Level Agreement) müqaviləsi bağlayır. SLA müqaviləsinin şərtləri nədən ibarətdir? Bu, ilk növbədə, şirkətin təqdim etdiyi xidmətlərin əlçatanlığıdır. Yəni müəyyən dayanmalar yaransa, bu nə qədər çəkəcək? Burda da maliyyə və digər məsələlər var. Əgər belə hallar davamlı olursa, bu o deməkdir ki, xidmət göstərən şirkət öz məhsuluna məsuliyyətsiz yanaşır. Şirkət baş verən dayanma ilə bağlı üzr istəyirsə və onu izah edirsə, bu, artıq “fors-major” hal hesab edilir. “Facebook” da ötən gün yaşananı məhz “fors-major” hal kimi təqdim edib”, - deyə R. Əliyev “APA Economics”ə bildirib.

Ekspertin fikrincə, baş verə biləcək dayanmaların müddəti müqavilədə göstərilən vaxtdan çoxdursa, müştərilər bununla bağlı təzminat, yəni itirilmiş vəsaitlərin geri qaytarılmasını tələb edə bilərlər.

“Burada hüquqi hissəyə və ya SLA müqaviləsində olan bəndlərdə əlçatanlığın faizinə nəzər salmaq lazımdır. Buna nümunə olaraq Data mərkəzinin etibarlılıq göstəricisi standartlarını (Tier1, Tier2, Tier3 və Tier4) gətirmək olar. Məsələn, Tier3 standartı məlumatların 99,982, Tier4 isə 99,995% əlçatanlığını təmin edir. Bu o deməkdir ki, Tier3-də standartına uyğun olaraq il ərzində dayanmalar 1,6 saat təşkil edə bilər. Ötən gün “Facebook”da müşahidə olunan dayanma Tier2 səviyyəsindən də aşağı olub, bu da xidmətə qarşı mənfi rəyin formalaşmasına səbəb olub”, - deyə R. Əliyev əlavə edib.

Birjaların baş verən hadisəyə reaksiyası

Sosial şəbəkələrin qlobal çökməsi ABŞ fond bazarında, xüsusən də yüksək texnologiya sektorunda satışlara birbaşa təsir edib. Belə ki, “Nasdaq” indeksi Federal Rezerv siyasətinin sərtləşməsinin əsas qurbanı ola biləcəyindən ehtiyatlanaraq enib. “Facebook”un səhmləri ABŞ-da ticarətin açılışında ucuzlaşaraq, bu ilin may ayının səviyyəsinə qayıdıb. Ötən gün Bakı vaxtı ilə saat 23:00-a olan məlumata görə, səhmlərin hər biri 324,7 dollara satılıb, sonuncu ticarət sessiyası isə hər səhmə görə 343,01 dollar səviyyəsində bağlanıb. “Facebook”un qurucusu Mark Zukerberqin sərvəti şirkətin və sosial şəbəkələrin işində qlobal problem fonunda “Forbes”un milyarderlər reytinqində 5,11% və ya 6,3 mlrd. dollar azalıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR