Subbakalavrlar ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə (əsas (baza ali) tibb təhsilinə) müvafiq ixtisaslar üzrə qəbul imtahanlarında iştirak etmədən müsabiqə yolu ilə qəbul olunmaq hüququna malikdirlər.
ONA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin təsdiq etdiyi “Orta ixtisas təhsili müəssisələrinə bakalavrların, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə (əsas (baza ali) tibb təhsilinə) müvafiq ixtisaslar üzrə subbakalavrların qəbulu, habelə bakalavriatı (əsas (baza ali) tibb təhsilini) başa vurmayan şəxslərin orta ixtisas təhsili müəssisələrinə köçürülməsi Qaydaları”nda əksini tapıb.
İxtisasların uyğunluğu (müvafiqliyi) Dövlət İmtahan Mərkəzi ilə razılaşdırılmaqla, Təhsil Nazirliyi tərəfindən müəyyən olunur. Qəbul imtahanlarında iştirak etmədən ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olunmaq istəyən subbakalavrların ərizələrinin qəbulu Tələbə Qəbulu Qaydalarına əsasən Mərkəz tərəfindən aparılır. Subbakalavrlar ərizə qəbulu zamanı Tələbə Qəbulu Qaydalarında göstərilən digər sənədlərlə yanaşı bitirdikləri orta ixtisas təhsili müəssisəsindən alınmış ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG) barədə bu Qaydalara əlavədəki formaya uyğun arayış təqdim etməlidirlər. Subbakalavrlar ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə (əsas (baza ali) tibb təhsilinə) qəbul olunarkən, həmin təhsil müəssisələrində yalnız tədris dili orta ixtisas təhsili pilləsində təhsil aldıqları dilə uyğun ixtisasları seçmək hüququna malikdirlər.
Ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə təhsil almaq istəyən subbakalavrlar Tələbə Qəbulu Qaydalarına uyğun olaraq, Mərkəzin rəsmi internet saytında seçdikləri xüsusi qabiliyyət tələb edən ixtisasın daxil olduğu komissiya üzrə qeydiyyatdan keçir və müəyyən edilmiş cədvəl üzrə ödənişli əsaslarla qabiliyyət imtahanlarında iştirak edirlər. Subbakalavrlar ərizələrində ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarını yalnız qabiliyyət imtahanından Təhsil Nazirliyi ilə razılaşdırılmaqla Mərkəz tərəfindən müəyyən edilən müsabiqə şərtlərinə uyğun qiymət aldıqları halda göstərmək hüququna malikdirlər. Qəbul imtahanlarında iştirak etmədən ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə (əsas (baza ali) tibb təhsilinə) qəbul olunmaq istəyən subbakalavrlar və qəbul imtahanı verən abituriyentlər müsabiqədə eyni zamanda iştirak edirlər. Qəbul imtahanlarında iştirak etmədən ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə (əsas (baza ali) tibb təhsilinə) qəbul olunmaq istəyən subbakalavrlar müsabiqədə Mərkəzin Nazirliklə razılaşdırılmaqla, müvafiq ixtisas qrupları (müvafiq ixtisaslar) üzrə müəyyən etdiyi keçid balı əsasında (qəbul imtahanı verən abituriyentlər yerləşdirildikdən sonra) iştirak edirlər. Subbakalavrlar ali təhsil müəssisələrinin müvafiq ixtisaslarını seçir, onları istədikləri ardıcıllıqla Mərkəzin rəsmi internet səhifəsində Tələbə Qəbulu Qaydalarında “Abituriyentin elektron ərizəsi”nə daxil edir və təsdiqləyirlər. Subbakalavr müsabiqədən keçdiyi ilk ixtisasa yerləşdirilir.
Müsabiqədə aşağıdakı meyarlar üzrə göstəriciləri daha yüksək olan subbakalavrlara üstünlük verilir:
- ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG);
- təhsil haqqında sənədə (attestata) tədris dili, ədəbiyyat, xarici dil, riyaziyyat, Azərbaycan tarixi, ümumi tarix, fizika, kimya, biologiya, coğrafiya fənləri üzrə yazılmış yekun qiymətlərin ədədi ortası.
Subbakalavrın müvafiq ixtisaslar üzrə müsabiqədə imtahan vermədən iştirak etməsi onu Mərkəz tərəfindən Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə keçirilən tələbə qəbulu müsabiqəsində ümumi qaydada iştirak etmək hüququndan məhrum etmir. Subbakalavrın ali təhsil müəssisəsinə qəbul edilməsi zamanı bu Qaydalarina əsasən təqdim etdiyi sənədlərdə uyğunsuzluq və (və ya) çatışmazlıq aşkar edildikdə və onların aradan qaldırılması mümkün olmadıqda, onun müsabiqədə iştirakına yol verilmir. Belə hallar müsabiqədən sonra aşkar edildikdə, subbakalavrın yerləşdirilməsi ləğv edilir.