Fövqəladə Hallar Nazirliyinin (FHN) Sumqayıt Regional Mərkəzində məktəblilər arasında “Gənc xilasedici və yanğınsöndürən” yarışları keçirilib.
FHN-in Sumqayıt Regional Mərkəzindən ONA-nın yerli bürosuna bildiriblər ki, Sumqayıt şəhəri, Abşeron və Xızı rayonları üzrə təşkil olunan yarışın keçirilməsində məqsəd yeniyetmə və gənclərdə hərbi vətənpərvərlik ruhunun, baş verə biləcək fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsi, yarış iştirakçılarının bu sahədə biliklərinin artırılması, idman və sağlam həyat tərzinin təbliği və ilkin tibbi yardım qaydalarının aşılanması olub.
Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı və Təhsil, Gənclər və İdman nazirliklərinin dəstəyi ilə keçirilən yarışlarda Sumqayıt şəhəri üzrə 43 nömrəli, Abşeron rayonu üzrə Novxanı kənd M.Hüseynzadə adına 1 nömrəli və Xızı rayonu üzrə Yeni Yaşma kənd tam orta məktəblərinin komandaları qalib gəliblər.
Qalib komandalar Fövqəladə Hallar Nazirliyi tərəfindən keçiriləcək “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona mərhələsində iştirak etmək hüququ qazanıblar.
Ramil Zeynallı