Sumqayıtın "Yaşıldərə" yaşayış massivi, Milli Qəhrəman Əliyar Əliyev küçəsinin sakinləri yolsuzluqdan əziyyət çəkirlər.
ONA-nın yerli bürosunun məlumatına görə, bərbad yollar sakinləri təngə gətirib. Ən çox əziyyət çəkənlər isə məktəblilərdir. Yollar yararsız olduğundan, onlar məktəbə gedib-gəlməkdə çətinlik çəkirlər.
Əraziyə işləyən 39 nömrəli marşrut avtobusunun sürücüsü deyir ki, tez-tez avtomobil ustalarına müraciət etməli olurlar.
Sakinlərin sözlərinə görə, yağışlı havalarda o qədər palçıq olur ki, yollar keçilməz hala gəlir. Vay o gündən ki, kimsə ağır xəstələnə və Təcili Tibbi Yardıma ehtiyac duya. Əsl faciə onda yaşanır.
Bəs görəsən, sakinlərin bu problemlərinə nə vaxt əncam çəkiləcək?
Sumqayıt şəhər Bələdiyyəsinin nümayəndəsi Rövşən Hümbətov ONA-nın yerli bürosuna bildirib ki, şəhərdə aparılan abadlıq-quruculuq işləri çərçivəsində sözügedən ərazinin sakinlərinin problemləri həllini tapacaq. Ərazidə kanalizasiya, eləcə digər kommunikasiya xətləri çəkildikdən sonra yaxın aylarda yola asfalt örtüyü döşənəcək.
Ramil Zeynallı