“Hüquq islahatlarının dərinləşdirilməsi sahəsində Prezident İlham Əliyevin imzaladığı fərman günün tələbləri baxımından vacib, zəruri, mütərəqqi addımdır”.
Bu sözləri ONA-ya açıqlamasında Milli Məclisin deputatı Tahir Mirkişili deyib.
Onun sözlərinə görə, fərman məhkəmə-hüquq sistemində ədalət mühakiməsinə verilən vacib töhfə olduğu kimi, sahibkarlıq mühitinin də daha da əlverişli olması və sahibkar-dövlət orqanı münasibətlərində çevikliyin təmin olunmasında aparılan islahatların mühüm bir hissəsidir.
T.Mirkişili bildirib ki, sahibkarlar üçün məhkəməyə müraciət etmək hər zaman böyük stress, xərc və sahibkarlıq fəaliyyətindən diqqətin yayınması deməkdir: "Sahibkarın müraciəti ilə bağlı nə qədər tez, şəffaf və aydın qərarlar qəbul olunarsa, bir o qədər ölkə üçün faydalı olur. Çünki bu zaman sahibkar daha çox öz fəaliyyəti ilə məşğul olacaq, öz vaxtını daha çox sahibkarlıq fəaliyyətini genişləndirməyə və investisiya qoymağa sərf edəcək. Eyni zamanda spesifik məsələlərə peşəkar yanaşma daha çox ədalətli qərarların qəbul olunmasına imkan verəcək ki, bu da sahibkarlıq fəaliyyəti və investisiya cəlb olunması üçün vacib şərtdir”.
Deputat vurğulayıb ki, sahibkarların gömrük, vergi, sosial sığorta və digər məsələlər üzrə müraciətlərinə baxan ixtisaslaşmış məhkəmələrin yaradılması və bu məhkəmələrdə çalışan hakimlərin dərin hüquqi bilik və təcrübəyə sahib olması müraciətlərə daha tez və peşəkar formada baxılmasına imkan verəcək: "Çünki bu sahələrdə qanunvericiliyin spesifik müddəalarının tətbiq edilməsi daha dərin biliklər və təcrübə tələb edir. Bir çox ölkələrdə tətbiq olunan xüsusi sahəvi məhkəmələr öz səmərəliliyini göstərməkdədir. Mübahisəli məsələlərin keyfiyyətlə və ədalətli həlli bütövlükdə iqtisadiyyatın inkişafı üçün mühüm şərtlərdən biridir”.
Ramil Zeynallı