• SOSİAL

    18:39 31 iyul 2022

Tanınmış pedaqoq Aliyə Təhmasib vəfat edib

Tanınmış pedaqoq Aliyə Təhmasib vəfat edib.

ONA xəbər verir ki, o, bir neçə gün öncə 75 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Aliyə Təhmasib 1947-ci il martın 13-də Bakı şəhərində ziyalı ailəsində dünyaya göz açıb. 1954-cü ildə hazırda Hüseyn Cavidin adını daşıyan 132 nömrəli məktəbin I sinfinə gedib və 1965-ci ildə həmin təhsil ocağını "əla" qiymətlərlə bitirib.

1966–1973-cü illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin qiyabi şöbəsində təhsil alıb. 1967-ci ildə 132 nömrəli məktəbdə əmək fəaliyyətinə qədəm qoyan Aliyə xanım burada kitabxanaçı, pioner baş dəstə rəhbəri işləyib və 1970-ci ildən həmin təhsil ocağında bir müəllim kimi Azərbaycan dili və ədəbiyyat fənnini tədris etməyə başlayıb. Yaxşı işinə, qabaqcıl pedaqoji fəaliyyətinə görə 1985-ci ildə bu tədris müəssisəsinə direktor təyin edilib. Aliyə Təhmasib 1985, 1989-cu illərdə SSRİ və Azərbaycan SSR Ali Sovetlərinin deputatı kimi respublikanın ictimai həyatında mühüm rol oynayıb, təhsilin inkişafı üçün xüsusi xidmətlər göstərib.

1989 və 1990-cı illərin məlum hadisələri ilə əlaqədar respublika Qadınlar Şurasının sədr müavini kimi Moskvada SSRİ Qadınlar Cəmiyyətinin geniş yığıncağında erməni qəsbkarlarının Azərbaycanda törətdikləri vəhşiliklər barədə məruzə edib, Ali Sovetin sessiyalarında cəsarətlə öz mövqeyini bildirib. 1992-ci ildə Türkiyənin Ankara şəhərində keçirilən təhsil işçilərinin həmkarlar təşkilatının qurultayında Xocalı faciəsini törədən erməni vəhşiliklərini müxtəlif ölkələrdən gəlmiş nümayəndələrin diqqətinə çatdırıb, fotoşəkillər, sənədlər nümayiş etdirib.

1995-ci ildə İzmirdə keçirilən türk xalqlarının Dostluq, Qardaşlıq qurultayının nümayəndəsi olub. O, həmçinin Azərbaycan müəllimlərinin və Azərbaycan qadınlarının qurultaylarına nümayəndə seçilib.

Uzun illər 132 nömrəli məktəbə rəhbərlik edən Aliyə Təhmasib yüksək dövlət mükafatları ilə yanaşı, bir sıra diplom və fəxri fərmanlara da layiq görülüb. 2007-ci ilin mart ayında təhsilin inkişafındakı böyük xidmətlərinə görə və ömrünün 60, əmək fəaliyyətinin 40 ili tamam olması münasibətilə Prezidentin fəxri təqaüdünə layiq görülüb.

2010-cu il sentyabrın 15-də uzun müddətli təmirə dayanmış 132 saylı məktəbin açılışından bir neçə gün sonra fəxri təqaüdə yola salınıb.

Aliyə Təhmasib dəfələrlə Azərbaycan və SSRİ Ali Sovetinin deputatı seçilib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR