“Əgər situasiya pisləşməyə doğru getsə, regional və ya daha geniş miqyasda karantin rejimi sərtləşdirilə bilər”.
APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva deyib: “Normal həyata qayıtmaq istəyirik, amma unutmaq olmaz ki, əsas insanların sağlamlığıdır. Qaydalara əməl edərək karantin rejimindən çıxmaq lazımdır. Ancaq bu gün heç kim buna əməl etmək istəmir. Rəqəmlər də göstərir ki, vəziyyət pisləşməyə doğru gedir".
Y. Qarayeva onu da deyib ki, son vaxtlar pozitiv dinamikanı itirməyə başlamışıq, yeni yoluxmaların sayı artır.
Onun sözlərinə görə, bu, gözlənilən idi: “Biz bilirdik ki, karantin rejimindən çıxmağa başlayanda yoluxmaların sayı artacaq. Bunun səbəbini bilmək üçün küçəyə çıxmaq kifayətdir. Koronavirusdan qorunmağın əsas yolu karantin qaydalarına ciddi əməl etməkdir”.