“Müxtəlif şirkətlər tərəfindən təklif olunan vaksinlər var. Vaksin seçimində bir neçə parametr önə çıxır. Biri saxlama şəraiti, digəri qoruyuculuq, effektivlik xüsusiyyəti, üçüncüsü isə təhlükəsizlikdir”.
APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib. Onun sözlərinə görə, hazırda mövcud olan 5 vaksində təhlükəsizliklə bağlı tədqiqatlar yekunlaşmaq üzrədir, digər iki element isə tam məlumdur: “Bunlardan biri Almaniya və ABŞ-ın birgə hazırladığı “BioNTech/Pfizer” vaksinidir. Burada saxlanma şəraiti bir qədər çətindir. Dünyanın əksər ölkələrində səhiyyə infrastrukturları buna hazır deyil və bu istiqamətdə işlər gedir. Bu vaksin -70 dərəcədə saxlanılır və effektivliyi 95 faiz olduğu barədə məlumatlar artıq məqalələrdə nəşr olunub. Digəri Rusiya Federasiyasında Gamaleya İnstitutunda hazırlanan “Sputnik V” vaksinidir. Bu vaksin -20 dərəcə temperaturda saxlanılmalıdır və effektivliyinin 95 faiz olduğu barədə məlumatlar var. Bundan başqa, Oksford Universitetində “AstraZeneca” şirkəti ilə birgə İngiltərə və İsveç alimlərinin birgə hazırladığı, -4 dərəcədə saxlanıla bilən vaksin ön plana çıxıb. Bu vaksinin də effektivliyinin 70 faiz olduğu barədə məlumatlar var. Ancaq bu vaksinin ikinci dozası ilə bağlı yenidən tədqiqatlara başlanılıb. Hazır olan vaksinklərdən Çinin “Sinovac” şirkətinin hazırladığı “CoronaVac” vaksinidir. Bu vaksinin saxlama temperaturu sadədir, 2-8 dərəcə Selsidə 3 ilə qədər saxlamaq mümkündür. İlkin nəticələrə görə, bu vaksinin effektivliyinin 95-97 faiz olduğu bildirilir”.