“Biz yumşalmış karantin rejimi tətbiq etdik, vətəndaşlar buna riayət etmədi”.
APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bildirib.
Y. Qarayeva deyib ki, ona görə sərt karantin rejiminə qayıdıldı.
Y. Qarayeva onu da deyib ki, bu gün vətənpərvər insan başa düşməlidir ki, Vətənimiz çətin sınaq qarşısındadır: "Bu gün sərhədlərin bağlanmasından hər birimiz əziyyət çəkirik. Bizim də övladlarımız var, biz də istirahətsiz əziyyət çəkirik. Qapanmaya gəlincə, həftəsonu Bakıdan rayonlara gediş çox oldu. Yaydır, hər kəs istirahət istəyir. Səhiyyə sisteminin yükünü azaltmaq üçün belə sərt tədbirlərə əl atırıq. Mənim ətrafımda da ailəiçi yoluxmalar çoxdur. Avropalılar üçün izolyasiya, tək yaşama geniş yayılıb, bizdə isə insanlarımız daha çox ailə formasında yaşayır. Ona görə də son vaxtlar ailə içində yoluxma çoxdur”.