Tədqiqatçı İnqilab Şahbazovun "Tədqiqat metodları" kitabının təqdimatı və imza günü keçirilib - [color=red]VİDEO[/color]
  • SOSİAL

  • 00:57 23 May 2019

Tədqiqatçı İnqilab Şahbazovun "Tədqiqat metodları" kitabının təqdimatı və imza günü keçirilib - VİDEO

Video əlavə olunub.

***

Saat 19:04

"LİBRAFF Park Akademiya" kitab mağazasında gənc tədqiqatçı İnqilab Şahbazovun "Tədqiqat metodları" kitabının təqdimat mərasimi və imza günü keçirilib.

ONA-nın xəbərinə görə, tədbirdə Respublika Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc və digər şəxslər iştirak ediblər.

Kitabın tədqiqat aləminə giriş olduğunu bildirən müəllif qeyd edib ki, bu tədqiqat əsəri praktiki vəsaitdir: "2015-ci ildə London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində ədliyyə sistemi üzrə magistratura təhsili alarkən bu kitabı yazmaq ideyası yarandı. 2016-ci ildə kitabın ilkin versiyası hazır idi. Növbəti 3 il ərzində kitabı daha da təkmilləşdirdim. Kitab metodologiya elminin nəzəriyyəsini öyrənmək, müxtəlif sahələr - sosial, siyasi və iqtisadi elmlər, habelə biznes araşdırmaları üzrə müstəqil surətdə və komanda şəklində tədqiqat aparmaq istəyən şəxslər üçün nəzərdə tutulub. Kitabın 40-50 faizini cədvəllər və nümunələr tutur. Bütün yaş kateqoriyasından olan insanlar, əsasən də, tələbələr üçün kitabın maraqlı olacağını düşünürəm. Kitab mümkün qədər sadə dildə yazılıb".

İ. Şahbazov bildirib ki, kitabda tədqiqat prosesinin bütün mərhələləri barədə məlumatlar əksini tapıb: "Araşdırmanın başlıca məqsədi tədqiqat aparmaqda maraqlı olan şəxslərə bu proses barədə yığcam, lakin dolğun və müfəssəl məlumatlar, dəqiq istiqamət verməkdir. Xüsusilə də gənc tədqiqatçılar və ali təhsil müəssisələrində təhsil alanlar üçün nəzərdə tutulan bu əsərdə müxtəlif tədqiqat metodlarının və strategiyalarının təsviri, hər bir metodun üstün və zəif cəhətləri barədə mülahizələr əksini tapıb. Hər bir metodun daha yaxşı başa düşülməsi üçün onların real dünyada tətbiqinə dair çoxsaylı konkret nümunə də verilib. Onu da xüsusi olaraq qeyd edim ki, tədqiqat naminə etik məsələləri tapdalamaq olmaz. Bu məsələyə xüsusi diqqət ayırmışam".

"Teas Press" Nəşriyyat Evində çap olunan kitabın elmi redaktoru, dosent Məcid Əfəndiyev bildirib ki, kitab böyük zəhmət hesabına başa gəlib.

Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc bildirib ki, dünyada fikirdən, ideyadan üstün heç nə yoxdur: "Mənim aləmimdə İnqilab Şahbazov işıqlı, ədəb-ərkanı yerində olan bir gəncdir. O, həm də xaricdə təhsil alan gənclərimizdəndir. İnqilab Şahbazov cəmiyyəti öyrənən institutlar üçün fundamental bir iş ərsəyə gətirib".

Sonda müəllif tədbir iştirakçıları üçün kitabını imzalayıb.

İ. Şahbazov Böyük Britaniyanın Şeffilf Universitetində sosiologiya üzrə bakalavr, London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində isə ədliyyə sistemi üzrə magistratura təhsili alıb. O, hər iki təhsil müddətində kriminologiya, hüquq və cəza mövzularına dair tədqiqatlar aparıb, kriminologiya üzrə 2 dissertasiya müdafiə edib. İ. Şahbazov 2018-2019-cu illərdə Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondunun dəstəyi ilə aparılan, dünyada və Azərbaycanda azadlıqdan məhrumetməyə alternativ cəza tədbirlərinin araşdırıldığı tədqiqatın rəhbəri, "Sosioloji nəzəriyyələr" kitabının müəllifidir. Sosial tədqiqatlar sahəsində dünyanın ən nüfuzlu "Market Research Society Advanced Certificate in Market and Social Research Practice" sertifikatını alıb.

İ. Şahbazov həmtəsisçisi olduğu Azərbaycan Elm Assosiasiyasının həmsədridir.

Fərid Mirzəyev

Teqlər: