2019-2020-ci tədris ili üçün I sinfə şagird qəbulu prosesində şagird yerləri tutulmuş və yaxud qəbulu üstünlük hüququ əsasında aparılan məktəblərdə boş şagird yerləri yarandığı halda, sorğu yerləşdirilməsi üçün valideynlər “Gözləmə” menyusu vasitəsilə növbəyə yazıla bilirlər.
Bu barərə ONA-ya Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) İctimaiyyətlə əlaqələr sektorundan məlumat verilib.
İdarə “Gözləmə” menyusunda növbəlilik funksiyasının hansı məktəblərə şamil edilməsinə də aydınlıq gətirib. Belə ki, 2019-2020-ci tədris ili üçün I sinfə şagird qəbulu prosesində şagird yerləri tutulmuş və yaxud qəbulu üstünlük hüququ əsasında aparılan məktəblərdə valideynlər “Gözləmə” menyusu vasitəsilə boş şagird yerləri yarandığı halda, sorğu yerləşdirilməsi üçün növbəyə yazıla bilərlər.
Bildirilib ki, I sinfə şagird qəbulu prosesində şagird yerləri tutulmuş məktəblər üzrə valideynin növbəyə yazılması üçün aktivləşir.
“Gözləmə menyusu” vasitəsilə növbəyə ancaq hər hansı məktəbə sorğusu yerləşdirilməyən valideynlər (qanuni nümayəndələrin) yazıla bilir. Valideyn növbəyə yazıldıqdan sonra başqa məktəbə sorğu yerləşdirə bilər, ancaq yerləşdirdiyi sorğuya uyğun ərizəni çap edən zaman, onun növbəsinin silinməsi barədə valideynə bildiriş çıxır.
I sinfə qəbul üzrə müraciətlərin çox olduğu bəzi məktəblərdə şagird qəbulunun ilk növbədə hansı üstünlük hüququ əsasında aparılmasına gəlincə, Təhsil İdarəsi bildirir ki, Bakı şəhərində yerləşən bir sıra məktəblərdə birinci sinfə onlayn qeydiyyat zamanı aşağıda qeyd olunan uşaqların məktəbə qəbul üzrə üstünlük hüquqları təmin olunur:
- valideyni (qanuni nümayəndəsi) qeydiyyat ünvanı üzrə həmin məktəbin müəyyən edilmiş ərazisində yaşayanlar;
- valideyni (qanuni nümayəndəsi) həmin məktəbdə işləyən;
- bacısı və ya qardaşı həmin məktəbdə təhsil alan.
Şagird qəbulu üstünlük hüququ əsasında aparılan məktəblərdə “Gözləmə menyusu” nə vaxt aktivləşməsinə gəlincə, BŞTİ nəzərə çatdırır ki, yalnız Bakı şəhərinin bir sıra məktəblərində I sinfə qəbul üstünlük hüququ əsasında aparılır. Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Naftalan şəhərləri və Abşeron, Yevlax, Samux rayonlarında, o cümlədən həmin şəhər və rayonlarda yerləşən məcburi köçkün məktəblərində üstünlük hüququ əsasında şagird qəbulu aprılmır.