• SOSİAL

    17:15 30 yanvar 2021

Təhsil naziri: "Növbəti həftə dərslərin başlaması ilə bağlı açıqlamalar olacaq"

“Bütün fənlərin tədrisinin əyani şəkildə təşkilinin tərəfdarıyıq”.

APA-nın məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev “Pandemiya dövründə təhsil” mövzusunda sualları cavablandırarkən deyib.

O bildirib ki, ilkin hesablamalara görə, bölgələrdə fevralın 1-də 2000-dən artıq məktəbdə ibtidai təhsildə dərslər başlayacaq: “Bunlar kiçik məktəblərdir, şagirdlərimizin az qismi orada oxuyur, amma əyani təhsilə ayın 1-dən başlamış olacaqlar”.

Nazir qeyd edib ki, bəzi məktəblərdə pandemiya şəraitində yer problemi yoxdur: “Müəyyən mənada uşaqların 5 gün ərzində dərsə gəlməsini təmin etmək olur. Bəzi hallarda isə xüsusilə, Abşeron rayonunun Xırdalan qəsəbəsində, Masazırda, Bakının ətraf kənd və qəsəbələrində kifayət qədər sıx məktəblər var ki, bu məktəblərdə həddindən çox şagird var. Bu məktəblərdə məcbur olaraq təhsili 6 günə keçirə bilirik. Çünki sıxlıq imkan vermir ki, 5 gün edək. Düzdür, yalnız ibtidai təhsil alanlar məktəbə gələndə sıxlıq elə də böyük olmur. Amma V-IX siniflər məktəbə qayıtdıqdan sonra sıxlıq olacaq. Operativ Qərargahdan olan həmkarlarımızla birgə müzakirə aparıb, qərar verəcəyik. Yaxın gələcəkdə valideynlər bununla bağlı məlumat alacaqlar. Düşünürük ki, valideynlər bir həftə əvvəl övladının dərsə getməsi ilə bağlı məlumatlı olmalıdır. Növbəti həftə bununla bağlı açıqlamalar olacaq”.

ONA

Teqlər:

SON XƏBƏRLƏR