"İbtidai siniflər üçün Azərbaycan dili və riyaziyyat üzrə ehtiyat dərsliklərin hazırlanması Nazirlər Kabinetinin sərəncamına əsasən həyata keçirilir. Ehtiyat dərsliklərin yazılması işinin təşkili üçün Təhsil İnstitutunda Tədris Resursları Mərkəzi yaradılıb".
ONA-nın məlumatına görə, bunu Təhsil Nazirliyinin şöbə müdiri Emin Əmrullayev deyib.
O bildirib ki, nazirlik tərəfindən verilmiş elan əsasında Azərbaycan dili üzrə 160, riyaziyyat fənni üzrə isə 145 müəllim arasında 3 mərhələli müsabiqə keçirilib. Dərslik hazırlığına ali məktəb və universitetlərdə çalışan alim və pedaqoqlar cəlb edilib.
Nazirlik rəsmisi qeyd edib ki, artıq 1-ci siniflər üzrə dərsliklər hazırdır: "Respublika səviyyəsində 123 sinifdə dərsliklərin pilot layihə üzrə sınağı həyata keçirilir. 123 sinfin 48-i şəhər məktəbləri, qalanları isə rayon məktəblərindən seçilib. Hazırda 2-ci sinif üçün dərsliklərin hazırlanması prosesi davam edir".