Böyrəklər həyati vacib orqanlarımızdan biridir. İnsan orqanizminin filtri rolunu oynayan böyrək sidikdə, qanda və toxumalarda yığılan müxtəlif zərərli və artıq maddələri bədəndən xaric edir. Sutka ərzində böyrəklərdən orta hesabla 1800 litr qan keçir və bunun nəticəsində təxminən 1,5 litr sidik əmələ gəlir. Böyrəyin zəifləməsi orqanizmin zəifləməsinə və başqa orqanların fəaliyyətinin pisləşməsinə gətirib çıxarır. Böyrəyin fəaliyyətinin pisləşməsi insanın hemodializ müalicəsi almasına səbəb olur. Hemodializ böyrəklərin fəaliyyətinin pozulması nəticəsində bədəndə toplanan artıq maddələrin, azot qalıqlarının və mayenin xaric edilməsi üsuludur. Böyrəyin funksiyasını itirməsi orqanizmə yeni böyrəyin köçürülməsinə zəmin yaradır. Uzun illərdir ki, dünyada, eləcə də Azərbaycanda böyrək transplantasiyası əməliyyatları icra olunur və çoxu da uğurla nəticələnir. Bəzən isə köçürülən orqan bədən tərəfindən qəbul olunmur. Bu kimi hallarda isə təbii ki, təkrar orqan transplantasiyasına ehtiyac duyulur.
Son zamanlar mediada vaxtilə böyrək köçürülmüş şəxslərə təkrar orqan transplantasiyası barədə məlumatlara tez-tez rast gəlinir. Təkrar transplantasiya əməliyyatları barədə məlumatlar isə bir çox suallar doğurur. Təkrar böyrək köçürmə əməliyyatlarına səbəb olan amillər hansılardır? Yenidən böyrək köçürməyin hansı riskləri var? Orqan köçürüləndən neçə müddət sonra təkrar orqan itirilməsi ola bilər?
ONA-nın məlumatına görə, mütəxəssislər e-tibb.az-a açıqlamalarında bu və başqa suallara aydınlıq gətiriblər.
Səhiyyə Nazirliyinin Baş nefroloqu, M.Cavadzadə adına Respublika Urologiya Xəstəxanasının şöbə müdiri Fariz Babayev bildirib ki, hazırda ölkədə 3780 xəstə hemodializ olunur: “Eyni zamanda təkrar hemodializə düşən xəstələr də olur. Bu, dünyanın hər yerində belədir. Böyrək köçürülməsindən sonra həmin orqanın nə qədər fəaliyyət göstərəcəyini əvvəlcədən müəyyən etmək mümkün deyil. Ola bilər ki, həmin böyrək 1 ay, 5 ay, 10 il, 20 il və s. xidmət etsin. Əgər zamanla o böyrəkdə problem yaransa, həmin xəstənin təkrar orqan transplantasiyası olunması ehtimalı yaranır. Orqan köçürülməsindən sonra təkrar dializə düşən xəstələrimiz var, amma bu o demək deyil ki, onların əməliyyatı keyfiyyətsiz olub və yaxud orqan düzgün seçilməyib. Köçürülən hər bir orqan müəyyən zamandan sonra həmin xəstəyə xidmət etməyə bilər və xəstə yenidən dializə düşə bilər”.
F. Babayev qeyd edib ki, hazırda ən kiçik yaşlı dializ xəstəsinin 4, ən yaşlı dializ xəstəsinin isə 87 yaşı var: “Çox təəssüf ki, dializ xəstələrinin əksəriyyəti orta yaş həddindədir”.
Transplantasiyadan sonrakı 5 ildə 15 faiz, 10 il ərzində 30 faiz orqan itkisi...
Tibb üzrə fəlsəfə doktoru, transplant nefroloq Elnur Fərəcov deyib ki, birinci orqan köçürülməsinin uğursuzluğu nəticələnəndə ikinci dəfə yenidən böyrək köçürülür: “Bəzən hətta üçüncü və ya dördüncü dəfə də orqan köçürülməsi həyata keçirilir. Əgər xəstəyə yenidən böyrək çatışmazlığı diaqnozu qoyulursa və orqan itkisi baş verirsə, bu zaman ikinci dəfə böyrək transplantasiyası həyata keçirilir. Orqan itkisi ilə bağlı faktorlar müxtəlifdir. Bunun üçün bir neçə şərt var. Əsas şərtlərdən biri xəstənin özünə düzgün baxması, verilən qaydalara əməl etməsi, dərman preparatlarını vaxtlı-vaxtında qəbul etməsi və s.-dir. Hər hansı fəsadların baş verməməsi üçün planlı şəkildə müayinələr var ki, mütəmadi şəkildə bu müayinələrdən keçmək lazımdır. Bunlar orqanın fəaliyyəti üçün çox önəmli şərtlərdir. Dünyada orqan transplantasiyasının 1 illik, 3 illik, 5 illik, 10 illik nəticələri ilə bağlı orta statistikalar olur. Məsələn, bir illik statistika ilə bağlı 96-97 faiz orqanın qalma, 2-3 faiz orqanın isə itkisi ehtimalı var. Növbəti illərdə orqanın itirilməsi ehtimalı çoxalır. Məsələn, təxminən 5 il ərzində 15 faiz, 10 il ərzində 30 faiz orqan itkisi baş verə bilir. Orqan itkisi olanda isə təkrar orqan köçürülməsinə ehtiyac yaranır. Orqan itkisinə gəldikdə qeyd etməliyəm ki, hər bir xəstə individualdır. Birinci dəfə orqan itkisindən, ikinci orqanın orqanizmə nə qədər uyğun olub-olmamasından çox şey asılıdır. Bunu bir sözlə ifadə etmək üçün standartlar yoxdur”.
Azərbaycanda ən çox orqan köçürülməsini həyata keçirən ümumi cərrah, transplantoloq Mircəlal Kazımi bildirib ki, orqan köçürülməsi əməliyyatları mürəkkəb əməliyyatlar qrupuna aiddir: “Bu əməliyyatların icrası çox mürəkkəb prosesləri özündə əhatə edir. Belə ki, xəstələr əməliyyatdan qabaqkı müddətdə xüsusi hazırlıqlar keçir. Bu hazırlıqların nəticəsində onların donorlarla uyğunluğu təsbit edilir. Bütün bu mərhələlər bitdikdən sonra xəstənin əməliyyatına qərar verilir. Yəni bu əməliyyatın özünün hazırlığı belə sadə və bəsit bir mərhələ deyil. Əməliyyatın özü də çox mürəkkəb prosesdir. Bu mürəkkəb prosesdə sağlam şəxsdən böyrək alınır və həmin böyrək xəstə şəxsə köçürülür. Ancaq sadə bir təsəvvür yaranmasın ki, böyrək köçürmə əməliyyatında donordan böyrək götürüldü və xəstəyə köçürüldü.
Bədən köçürülən orqanı niyə qəbul etmir?
Əməliyyatdan sonrakı müddətdə xəstənin orqanizmində yeni köçürülmüş böyrəyə qarşı xüsusi mexanizmlər fəaliyyətə başlayır. Bu mexanizmlər arasında xüsusilə ən ön planda və ən təhlükəli olanı orqanizm tərəfindən orqanın rəddi məsələsidir. Çünki hər nə qədər əməliyyatdan qabaqkı müayinələrdə bu orqanın düşərli və uyğun olduğu, orqanın götürülməsi üçün hər hansı bir əngəl olmadığı aşkarlansa da, nəticə etibarilə bu xəstə üçün yad cisimdir, yəni başqasının orqanıdır. İnsan orqanizmi elə qurulub ki, orqanizm hər hansı bir yad cismə qarşı müqavimət göstərir, həmin yad cismi bədəndən atmağa, onu rədd etməyə çalışır. Buna görə də orqanizmdə rədd etmə mexanizmi özünü qoruyucu bir mexanizmidir. Bu zaman rədd etmə mexanizmi işə düşür və həmin orqan orqanizmdən rədd edilir. Bunun qarşısını almaq üçün xəstələrə xüsusi dərman preparatları verilir. Hansı ki, həmin dərman preparatları orqanizmin immunitetini aşağı salır və immuniteti aşağı düşmüş orqanizmdə orqanın rədd edilməsinin qarşısı alınmış olur. Lakin bu dərman preparatlarının effektivliyi 85-90 faiz hallarda olur. Yəni bu dərmanların təsiri altında 85-90 faiz hallarda köçürülmüş orqanın orqanizm tərəfindən rədd olunmasının qarşısı alınır, 100 faiz halda baş vermir. Həmin dərman preparatları heç də hər zaman effektli olmur, 10-15% hallarda öz təsirini göstərmir və orqanizm tərəfindən köçürülmüş orqan rədd oluna bilir”.
M.Kazımi bildirib ki, bunun müxtəlif səbəbləri var, yəni bu, təkcə dərman preparatlarına bağlı olan məsələ deyil: “Bu, eyni zamanda orqan köçürülmüş xəstədən də asılı olan bir şeydir. Biz artıq 750-dən çox insana qaraciyər və böyrək köçürmüşük. Azərbaycanda böyrək köçürülməsi əməliyyatlarının 90%-i, qaraciyər transplantasiyalarının isə 99%-i bizim tərəfimizdən həyata keçirilib. Bunu xüsusilə qeyd eləmək istəyirəm ki, praktikamızda xəstə qrupları arasında sözə baxmayan, yaxud ərköyün xəstələrimiz də olub. Bu xəstələr əməliyyatdan sonrakı müddətdə müəyyən qaydalara riayət etməyiblər. Bu qaydalardan da ən əsası budur ki, xəstələr adını çəkdiyim dərman preparatlarını qəbul etməyiblər, bir qrupu öz sağlamlığına diqqət etməyib, müxtəlif infeksion, virus xəstəliklərinə yoluxublar. Bütün bunların hamısı təbii ki, köçürülmüş orqanın rədd olunması riskini artırır”.
"Köçürülən orqanın sıradan çıxması həyatın sonu demək deyil” Və ya bir insana neçə dəfə orqan köçürmək olar?
Onun sözlərinə görə, xüsusilə böyrək köçürülmüş xəstələrdə sidik yollarının infeksiyaları nəticəsində böyrəklərin sıradan çıxması baş verir. Qaraciyər köçürülmüş xəstələrdə isə xəstələrin özünə diqqət etməməsi, sağlamlıqlarını qorumaması nəticəsində müxtəlif infeksion və virus xəstəliklərinə yoluxma orqanın sıradan çıxmasına səbəb olur. Həkim vurğulayıb ki, orqanın sıradan çıxması heç də həyatın sonu demək deyil: “Bir insana bir neçə dəfə böyrək və qaraciyər transplantasiya eləmək mümkündür. Xüsusilə onu qeyd edim ki, əgər ailə tərəfindən donorlar varsa, xəstələrə təkrar böyrək, qaraciyər köçürülməsini icra etmək mümkündür. Bəzən deyilir ki, son zamanlar ikinci dəfə böyrək köçürülməsi çoxalıb, bu əslində belə deyil. Çox təəssüflər olsun ki, mediada müxtəlif həkimlər tərəfindən “daha əvvəl xəstəyə köçürülən böyrək işləmədi deyə ona ikinci dəfə böyrək köçürüm” kimi xüsusi qeydlərə rast gəlinir. Tibbi olaraq burada qeyri-adi heç nə yoxdur. Yəni orqanizm tərəfindən rədd olunmuş və ya dərman qəbul edilməməsi səbəbindən fəaliyyətdən qalan böyrəyə görə yenidən həmin şəxsə orqan köçürülə bilər. Bu, dünya praktikasında da belədir. Saya gəldikdə isə praktikamızda təkrar orqan köçürülən xəstələrimizin sayı çox-çox azdır. Təxminən ümumi əməliyyat olunmuş xəstələrin 0,5-1 faizi qədərinə təkrar orqan köçürülməsinə ehtiyac olub. Təkrar böyrək köçürülən xəstələrin orqanizmləri müəyyən qədər təkrar əməliyyat riskinə tutulmuş olur. Bunun xaricində elə bir riskləri yoxdur. Təkrar böyrək köçürülmüş xəstələrin əməliyyatdan sonrakı baxımlarında da qeyri-adi bir şey yoxdur. İlk dəfə böyrək köçürülmüş xəstələrdə əməliyyatdan sonra orqan transplantasiyasından sonrakı prosedur necədirsə, yəni vaxtlı-vaxtında dərman qəbulu, həkim yoxlanışına gəlməyi, öz sağlamlıqlarına daha diqqətli olmaları, biganə olmamaları kimi hallar təkrar böyrək köçürülmüş xəstələrdə də həmin qayda üzrə aparılmalıdır.
Xüsusilə də onu vurğulamaq istəyirəm ki, təkrar böyrək köçürülmüş xəstələr bütün dünyada var. Bütün transplantasiya icra edən mərkəzlərin praktikasında bu hallar qetdə alınır. Mən burada qeyri-adi, sensasion bir şey görmürəm. Bu, normal prosedurdur. Çox təəssüflər olsun ki, heç bir həkim orqan transplantasiyası edildikdən sonra xəstəyə orqan neçə il işləyəcək deyə təminat verə bilmir”.