Ali və orta ixtisas təhsili müəssisələrində, həmçinin magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında akademik məzuniyyət götürən doktorant və tələbələrə, peşə təhsili müəssisələrində tələbələrə akademik məzuniyyətdən qayıtdıqda sonra təqaüd verilməsi proseduru müəyyənləşib.
ONA-nın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinin tələbələrinə təqaüdlərin təyin olunması və ödənilməsi Qaydası”nda müvafiq dəyişiklik edib.
Qüvvədə olan Qaydaya əsasən, hamiləliklə, doğuşla əlaqədar və müvəqqəti olaraq əmək qabiliyyətini itirmiş doktorant və tələbələrə səhiyyə müəssisələri tərəfindən verilmiş xəstəlik vərəqəsinə əsasən onlara müəyyən olunmuş müddətdə (cari tədris semestrinin müddətindən çox olmayaraq) təqaüd tam həcmdə ödənilib. Dəyişikliyə əsasən, ali və orta ixtisas təhsili müəssisələrində, həmçinin magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında akademik məzuniyyət götürən doktorant və tələbələrə cari tədris semestri müddətində təqaüd tam həcmdə ödəniləcək və həmin şəxs akademik məzuniyyətdən qayıtdıqda ona təqaüd yalnız növbəti imtahan sessiyasının nəticələrinə əsasən ümumi əsaslarla veriləcək. Peşə təhsili müəssisələrində akademik məzuniyyət götürən tələbələrə təqaüdün verilməsi onlar akademik məzuniyyətə getdiyi gündən dayandırılacaq və akademik məzuniyyətdən qayıtdıqda tələbələrə təqaüdün verilməsi davam etdiriləcək.
Qeyd edək ki, tələbələrə akademik məzuniyyətdən qayıtdıqda sonra təqaüd verilməsi prosedurunun müəyyənləşməsi təklifi ilə Hesablama Palatası çıxış edib.