• SOSİAL

    11:25 22 avqust 2019

Təqaüd islahatları Gürcüstandakı Azərbaycan məktəblərində müəllim çatışmazlığına səbəb olacaqmı? - ARAŞDIRMA

Gürcüstan hökuməti təqaüd yaşına çatan məktəb müəllimləri ilə bağlı islahatlar paketi qəbul edib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, sənədə əsasən, təqaüd yaşına çatan məktəb müəllimləri öz istəkləri əsasında birdəfəlik pul mükafatı alaraq təqaüdə çıxa bilərlər. Bu mükafat onların son maaşlarının 24 misli, yəni növbəti iki il ərzində alacaqları maaşın cəmi məbləğində müəyyənləşib. Bundan başqa, sənəd əsasında təqaüdə çıxacaq müəllimlərin tibbi sığortalarının da bütün həyatları boyu qüvvədə saxlanılacaq.

Gürcüstan Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin rəsmi məlumatına görə, ölkə məktəblərində ümumilikdə 64 329 müəllim çalışır. İyul ayına olan məlumata əsasən, 16 406 müəllim təqaüd yaşındadır. Hazırda Gürcüstanda orta məktəb müəllimləri orta hesabla 800-1000 lari məbləğində maaş alırlar.

Gürcüstanın Təhsil, elm, mədəniyyət və idman nazirinin müavini İrina Abuladze iyul ayında verdiyi açıqlamasında təxminən 6000 müəllimin birdəfəlik pul mükafatı alaraq təqaüdə çıxmaq üçün müraciət etdiyini bildirib. O qeyd edib ki, mükafatların verilməsinin ilkin mərhələsi avqust-sentyabr aylarında həyata keçiriləcək. İkinci mərhələ isə cari ilin sonu və ya gələn ilin əvvəlinə planlaşdırılır.

Qafqaz məsələləri üzrə araşdırmaçı Kamran Ramazanlı isə APA-ya açıqlamasında yeni qaydaların tətbiqinin Gürcüstandakı Azərbaycan məktəblərində kəskin müəllim çatışmazlığına səbəb ola biləcəyini deyib. Onun sözlərinə görə, Gürcüstandakı soydaşlarımızın təhsil sahəsindəki problemləri yeni yaranmayıb, əvvəldən mövcuddur: “Sovet Hakimiyyəti dağılanda Gürcüstanda 183 Azərbaycan məktəbi, 7000-ə yaxın müəllim, 50 minə yaxın şagirdimiz var idi. Bu gün isə 117 məktəb, 3628 müəllim, 26500-ə yaxın şagird qalıb. 26500-ə yaxın şagirdin də təxminən 2500-dən çoxu gürcü bölmələrində təhsil alır. Müəllimlərin 80 faizi təqaüdçüdür. Sovet dövründə oradan insanlar Azərbaycana gəlir, tədris prosesindən keçdikdən sonra qayıdır, təlim-tədris prosesi ilə məşğul olurdular. Sovetlər dağılandan sonra bu proses də dayandı. 1996-cı ildən sonra gürcü dili və ədəbiyyatı, digər 1-2 fənn istisna olmaqla, digər ixtisaslar üzrə müəllimlər hazırlanmadı. Bunu hazırlayacaq bir tədris müəssisəsi yoxdur. Azərbaycanla Gürcüstan tədris sistemləri arasında ciddi fərq olduğundan Azərbaycanda hazırlanan kadrlar burada əhəmiyyətli kadrlar hesab olunmur. Acınacaqlı vəziyyətlərdən biri də budur ki, 117 məktəbdən 40-da Azərbaycan dili və ədəbiyyat fənnini tədris edən müəllimlər başqa fənnin müəllimləridir. Bu, çox ağır vəziyyət olduğu üçün bizim də həyəcan təbili çalmağımıza səbəb olub”.

K. Ramazanlının sözlərinə görə, Gürcüstan təhsil nazirinin müavini bu yaxınlarda keçirdiyi müşavirədə bildirib ki, məktəblərdə təqaüd yaşında olan müəllimlər birdəfəlik müavinət verilməklə işdən azad olunmalıdır: “İslahat baxımından müsbət qiymətləndirilə bilər, təqaüd yaşında olan müəllimlər təbii ki, işdən azad olunmalıdır. Bu islahat gürcü məktəbləri üçün problem yaratmır, öz dövlətləridir, müəllimlərini hazırlayırlar. Lakin milli məktəblər üçün problem yaranır. Erməni milli məktəbləri üçün də bu problem yaranmışdı. Qeyri-rəsmi məlumatlara görə, Ermənistan erməni dilli məktəblərə kvota ayırıb və Gürcüstanın Axaltsixe şəhərində o məktəblərdə işləmək üçün pedaqoji kadr hazırlığı ilə bağlı universitet fəaliyyət göstərir. Azərbaycandilli müəllimlərin 80%-ə yaxını təqaüdçüdürsə, düşünürəm ki, yaxın 2-3 ildə bizim oradakı məktəblərimizin sayı 117-dən 50-yə enəcək, müəllimlərin sayı isə yarıbayarı azalacaq. Bu problemi həll etməliyik. Bizim milli məktəblərlə bağlı təhsil məsələsi təkcə Gürcüstan dövlətinin işi deyil. Bu problemi Gürcüstan və Azərbaycan Təhsil nazirlikləri birgə həll etməlidir. Problemin həlli yolu isə odur ki, Azərbaycan dövlətinin dəstəyi ilə Tiflisdə pedaqoji yönümlü iki dilli - gürcü və Azərbaycan dilində təhsil verən, kadr hazırlayan ali məktəb yaradılsın, təlim-tədris planına uyğun olaraq, pedaqoji kadrlar hazırlansın. Universitetdə tədris Azərbaycan və gürcü dillərində olmalıdır. Eyni zamanda Azərbaycan dili və ədəbiyyat fənnini tədris edən müəllimlərin çatışmazlığını nəzərə alaraq, Azərbaycan dövləti Pedaqoji Universitetdə kvota ayırmalıdır, bir şərtlə ki, burada oxuyub orada işləmək üçün gedilsin”.

Gürcüstan Respublikası Qardabani rayonu Kosalı kənd məktəbinin direktoru Mahmud Mehdiyev APA-nın yerli bürosuna açıqlamasında deyib ki, təqaüd yaşı çatmış, qalıb işləmək istəyən müəllimlər 15 kredit balı toplamalıdırlar: "Bu birdəfəlik kredit balının toplanması üçün müəllimlər müxtəlif təlimlərdə iştirak etməlidirlər. Bu barədə əvvəldən bizə məlumat verilmişdi. Kredit balının toplanması əslində çətin deyil. Sadəcə, bəzi müəllimlər düşündülər ki, Azərbaycan dilli məktəblərdə müəllim çatışmazlığı olduğundan onlara güzəşt ediləcək və bu balı toplamadan da işləyə biləcəklər. Amma belə olmadı. Bəziləri isə buna həssas yanaşdılar və artıq hazırdırlar. Kredit balının toplanması üçün artıq bir imtahan olub. Digəri isə noyabrda olmalıdır. Bizdə ixtisas müəllimləri çatışmazlığı var, məsələn coğrafiya, fizika, kimya müəllimlərimi, azdır".

Marneuli rayonu Kirec Muğanlı kənd məktəbinin direktoru Məsim Ayvazov isə Azərbaycan məktəblərindən hələlik heç bir müəllimin çıxmadığını deyib: “Hər məktəbdən iki-üç nəfər müraciət edib. Mən il yarımdır, direktor işləyirəm, bu müddətdə mənə 20-dən artıq gənc müəllim işləmək üçün müraciət edib. Bizim tərəfdə, Sadaxlı zonasında hər fənn üzrə kifayət qədər gənc kadrımız var. Çatışmazlıqlar bəlkə kiçik kəndlərdə ola bilər. Amma bizdə gənc kadr çoxdur. Müxtəlif fənlər üzrə pedaqoji universitetlərdə oxuyan xeyli tələbəmiz də var. Təqaüdçü müəllimlərdən çıxan olsaydı, onlardan bir neçəsini həmin gənc müəllimlərlə əvəzləyərdim. Amma məndə olan məlumata görə, bəzi kəndlərdə riyaziyyatçı yoxdur. Əhalisinin sayı az olan kəndlərdə problem ola bilər. Bizim tək problemimiz fizika fənni üzrədir. Onu da oxuyan uşağımız var, gələndən sonra problem olmayacaq”.

Direktorun fikrincə, islahatlar təhsilin keyfiyyətinə müsbət təsir edəcək: “Bizdə müraciət edən müəllimlərdən birinin 81 yaşı var, birinin 77. Onun enerjisi ilə gənc müəllimin enerjisi eyni deyil. Azərbaycanda təhsil alan şəxslər bizim məktəblərdə müəllim işləyə bilərlər. Sadəcə, indi bütün müəllimlər sertifikasiyadan keçməlidirlər. Universiteti yeni bitirən tələbələr müəllim işləmək üçün birillik müəllimlik kursunu bitirməlidirlər. Kursa qəbul olmaq üçün 100 baldan ən az 60 bal toplamaq lazımdır. Fənn imtahanı isə ana dilində olur”.

M. Ayvazov deyib ki, direktoru olduğu məktəbdən artıq 5-6 müəllim kredit balını toplayıb: "İmtahan çətin deyil, sadəcə müəllim hazırlaşmalıdır. Bizim üçün bu müddət də uzadılıb. İxtisas müəllimlərimiz bunu rahat yığa bilər. Hətta bir müəllim 100 faiz bal toplayıb. İndinin özündə bəzi müəllimlərimiz məktəbdədir, kompüter qarşısında oturub imtahanlara hazırlaşırlar. Bizdə müəllimlər təqaüdə çıxsa, vakansiya vermək də öz öhdəmizə buraxılıb. Əvvəlcə məktəb daxilində elan edəcəyik. Uyğun müəllimlər olmasa, qonşu məktəblərdən də vakansiyanı doldurmaq mümkün olacaq. Əslində, təqaüd islahatlarından narazı deyilik, əvvək elə bildik bu, milli məktəblərə çox çətinlik yaradacaq, amma belə olmadı. Azərbaycan dilli məktəblərə heç bu qədər güzəşt ediləcəyini gözləmirdik."

Marneuli rayonu Sadaxlı kənd 1 saylı İctimai Məktəbinin direktoru Ayaz Xudiyev isə APA-nın müxbirinə deyib ki, müəllim proqramdan yararlanmaq istəmədikdə qalıb işləyə bilər, lakin yeri vakansiyaya veriləcək: "Həmin vakansiyaya baş müəllim müraciət edərsə, təqaüd yaşındakı müəllim işdən çıxarılıb, baş müəllim işə götürüləcək. Müraciət edilməsə, ömrünün sonuna qədər də qalıb işləyə bilər. İslahatlarla bağlı bəzi məsələlər dekabr ayından daha dəqiq bilinəcək".

Marneuli Rayon Maarif Şöbəsinin müdiri Kənan Ömərov məsələ ilə bağlı APA-nın yerli bürosuna deyib ki, hazırda ayrı-ayrı məktəblər üzrə müraciət etmiş müəllimlərin dəqiq sayını bilmir: “Müəllimlər hazırda məzuniyyətdədir. Avqustun sonunda ilk mərhələdə kimin getmək istəyib-istəmədiyi dəqiq bilinəcək. Mənim şəxsi fikrimə görə, bəzi müəllimlərin təqaüdə çıxmasından sonra müəllim çatışmazlığı problemi ilə qarşılaşmayacağıq. Hər halda zaman göstərəcək. Müəllimlərin işdən çıxması rəsmiləşdirildikdən sonra isə onların yerinə vakansiya elan ediləcək. Bu mərhələdə Azərbaycan Təhsil Nazirliyi ilə əməkdaşlıq edilib-edilməyəcəyini bilmirəm".

K. Ömərov onu da əlavə edib ki, 15 kredit balının yığılması məsələsi qeyri-gürcü dilli məktəblərə hələ ki, məcburi deyil: "Həmin məsələ gürcü dilində fəaliyyət göstərən məktəblərə aiddir. Azərbaycan dilli məktəblər də daxil olmaqla, qeyri-gürcü dilli məktəblərin müəllimləri üçün iki il vaxt verilib. 15 kredit balı tələbi qeyri-gürcü məktəbləri üçün iki il sonra tətbiq olunacaq.

Məsələ ilə bağlı Azərbaycan Təhsil Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Gürcüstanda yaşayan soydaşlarımızın təhsil məsələləri Təhsil Nazirliyinin diqqət mərkəzindədir və müzakirəsi zəruri olan məsələlər mütəmadi olaraq ikitərəfli görüşlərdə qaldırılır: “Gürcüstanda Azərbaycan dilində tədris aparılan ümumtəhsil müəssisələri üçün hər il Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Ana dili və Ədəbiyyat dərslikləri göndərilir. Son 5 ildə 98 327 nüsxə Ana dili və Ədəbiyyat dərsliyi Azərbaycan dilində tədris aparılan ümumtəhsil müəssisələrinə çatdırılması üçün Təhsil Nazirliyi tərəfindən Gürcüstana göndərilib. Gürcüstanda yerləşən ümumtəhsil müəssisələrində çalışan müəllim-pedaqoji heyətin yenidən hazırlığı məqsədi ilə Azərbaycan Respublikası Təhsil İnstitutu tərəfindən 2019-cu ilin ikinci yarısında müvafiq təlimlərin keçirilməsi nəzərdə tutulur. Azərbaycan dili üzrə pedaqoji kadr ehtiyaclarının ödənilməsi məqsədi ilə Azərbaycanın ali təhsil müəssisələrində bakalavr pilləsində pedaqoji istiqamətlər üzrə tədrisin təşkili istiqamətində zəruri işlər görülməkdədir”.

Qeyd edək ki, Gürcüstanda təqaüd yaşı kişilər üçün 65, qadınlar üçün 60-dır.

ONA

Teqlər:

SON XƏBƏRLƏR